AMEA prezidenti imtahanlarla bağlı xüsusi tapşırıqlar verib

AMEA prezidenti imtahanlarla bağlı xüsusi tapşırıqlar verib
# 16 iyun 2016 15:30 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) doktorant və dissertantlar üçün alman və fransız dillərindən doktorluq imtahanı keçirilib.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Mərkəzi Elmi Kitabxananın geniş auditoriyasında təşkil olunan imtahan başlamazdan əvvəl AMEA-nın Elm və Təhsil İdarəsinin rəisi, texnika üzrə elmlər doktoru, professor Əminağa Sadıqov AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sərəncamı ilə yaradılmış imtahan komissiyasının üzvlərini imtahan iştirakçılarına təqdim edib.

O bildirib ki, iki gün davam edəcək imtahan tam obyektiv şəkildə keçiriləcək: “İmtahan komissiyası peşəkar, təcrübəli və obyektiv pedaqoqlardan ibarətdir. Komissiya tam müstəqildir və onun işinə heç kimin müdaxiləsinə yol verilməyəcək. İmtahan xarici dildən doktorluq minimumu imtahanlarına qoyulmuş tələblərə ciddi riayət etməklə keçiriləcək. Nəticələr isə hər bir iştirakçının elektron ünvanına göndəriləcək”.

İngilis dilindən və ixtisas fənlərindən imtahanların artıq başa çatdığını qeyd edən Ə. Sadıqov iyunun 20-i və 22-də Ümumi fəlsəfə fənnindən imtahanların baş tutacağını bildirib. Ə. Sadıqov ingilis dili imtahanının akademik IELTS proqramı üzrə keçirildiyini və uğurlu nəticələrin əldə edildiyini xüsusi vurğulayıb. İdarə rəisi həmçinin bildirib ki, AMEA prezidenti imtahan sessiyasının gedişinə şəxsən nəzarət edir. İmtahanların yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə onun tərəfindən AMEA-nın müvafiq strukturlarına xüsusi tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR