Ağdamda müəllim və həkim çatışmazlığı var

Ağdamda müəllim və həkim çatışmazlığı var
# 12 noyabr 2015 13:20 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı - APA. Ağdam rayonunda müəllim və həkim çatışmazlığı yaranıb.

Ağdam Rayon Təhsil Şöbəsinin kadrlar üzrə məsləhətçisi, İsmayıl Məmmədov APA-nın Qarabağ bürosuna bildirib ki, müəllim çatışmazlığı rayonun cəbhəyanı yaşayış məntəqələrindəki təhsil müəssisələrinin çoxunda var: “Təhsil Nazirliyinə bu barədə məlumat verilsə də, hələ də vakant yerlər qalır. Gənclər burada qalıb işləmək istəmirlər. Kənd məktəblərində indi 66 vakant yer mövcuddur. Əsasən coğrafiya, fizika, kimya və biologiya müəllimlərinə ehtiyac var”.

Rayonun səhiyyə sahəsində də eyni vəziyyət hökm sürür. Ağdam Mərkəzi Rayon Xəstəxanasının baş həkiminin müavini Qara Qasımov APA-ya açıqlamasında deyib ki, rayon üzrə 140-dək həkim çatışmır: “Rayon xəstəxanalarında bir nəfər də olsun travmatoloq yoxdur. Rayonda 18 ginekoloq ştatı olsa da, bu sahədə cəmi 3 mütəxəssis çalışır. 14 cərrah əvəzinə 2 cərrah var. Biz bu barədə Səhiyyə Nazirliyinə, Azərbaycan Tibb Universitetinin rəhbərliyinə məlumat vermişik ki, təyinatla kadr göndərsinlər. Həkim çatışmazlığı ucbatından xəstəxanaya müraciət edən sakinlərin bir qismi müayinə olunmaq üçün ətraf rayonlara göndərilir. Gələn kadrlar evlə təmin olundular, onlara əlavə maaş verildi, amma qalıb işləmədilər”.

Q. Qasımov onu da qeyd edib ki, Ağdam Mərkəzi Rayon Xəstəxanasında 140-a qədər vakant həkim yeri var. Rayonda əsasən terapevt, cərrah, mama-ginekoloq, travmatoloq, nervpatoloqlara ehtiyac var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR