“2020-ci ilin iyul və avqustunda Ermənistan iki hərbi təxribat törətdi, nəticədə azərbaycanlı hərbçilər həlak oldu. Azərbaycan xalqının səbri tükəndi və haqq-hesab vaxtı gəldi. Vətən müharibəsi 44 gün davam etdi, bu müddət ərzində Azərbaycan Ermənistan işğalçılarını zəbt olunmuş torpaqlardan qovaraq döyüş meydanında 300-dən çox şəhər və kəndi azad etdi. 10 noyabr 2020-ci il tarixində Ermənistan kapitulyasiya aktı imzaladı. Müharibə dayandı, lakin Azərbaycan ərazilərinin bir hissəsi hələ də işğal altında qalırdı”.
APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən VII Zirvə Toplantısında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan 3 il ərzində öz suverenliyinin tam bərpası məsələsini sülh yolu ilə həll etməyə çalışıb: “Lakin Ermənistan atəşkəsdən öz hərbi qüvvəsini bərpa etmək və artıq yeni – Qərbdən olan havadarlarının köməyi ilə Azərbaycana yenidən hücum etmək üçün fürsət kimi istifadə edirdi.
2023-cü ilin sentyabrında məhz bu baş verdi və həmin vaxt Azərbaycan əsgərinin dəmir yumruğu yenidən öz sözünü dedi. Bir sutkadan az müddətdə Ermənistanın Qarabağdakı işğalçı ordusu tamamilə darmadağın edildi, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi, separatizmə son qoydu, separatçıların liderləri, müharibə cinayətkarları və uşaq qatilləri isə Azərbaycan məhkəməsi qarşısına gətirildi. Bu, mahiyyət və formasına görə “Nürnberq tribunalı”nın analoqu idi. Yalnız bu dəfə müttəhimlər kürsüsündə erməni faşistləri oturmuşdu. Bizi tanklarda gəlib Bakını işğal edəcəkləri və burada çay içəcəkləri ilə təhdid edənlər bu gün Azərbaycan çayını bizim həbsxanalarda içirlər, onların tankları isə Hərbi Qənimətlər Parkında nümayiş etdirilir.
Yeri gəlmişkən, işğalın, eləcə də Azərbaycan xalqının tarixi qələbəsinin mahiyyətini və xarakterini tam anlamaq üçün qonaqlarımız Zəfər Parkını, Zəfər Muzeyini və Hərbi Qənimətlər parkını ziyarət edə bilərlər.
Bu məsələ qlobal əhəmiyyət daşıdığına bunun üstündə ətraflı dayandım.
BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq.
Əgər işğal, soyqırımı və etnik təmizləməyə görə Ermənistana vaxtında sanksiyalar tətbiq edilsəydi, Azərbaycan döyüş meydanında erməni faşizminin belini qırmağa məcbur qalmazdı. Təcavüzkarın cəzasız qalması onun həyasızlığının miqyasını daha da artırırdı.
Müharibə bizim seçimimiz olmayıb, bizi müharibəyə Ermənistan məcbur edib. Onların arxasında dayanan havadarları isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər. Amma onların hamısı yanıldı. Yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimizlə yaşayan xalqımızın xasiyyətini yaxşı tanımırdılar”.