“Gələcəyin ünvanı: Prezident İlham Əliyevin islahatlar strategiyası” adlı konfrans keçirilir

“Gələcəyin ünvanı: Prezident İlham Əliyevin islahatlar strategiyası” adlı konfrans keçirilir
# 24 dekabr 2016 09:09 (UTC +04:00)

Bakıda "Gələcəyin ünvanı: Prezident İlham Əliyevin islahatlar strategiyası" mövzusunda konfrans başlayıb.

APA-nın məlumatına görə, Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə keçirilən konfransa dövlət və hökumət nümayəndələri, millət vəkilləri qatılıb.

Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov çıxışında bildirib ki, prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanı möcüzəvi yüksəkliklərə qaldırıb. O deyib ki, hazırda dünyanın 200 dövləti arasında Azərbaycan 70-ci yerdə dayanır: "Bu, Azərbaycanın qürur mənbəyini formalaşdıran amillərdən biridir. XX əsrin son onilliyində Azərbaycanda iqtisadi tənəzzülün qarşısının alınması və gələcək inkişafın təmin edilməsi ümummilli lider Heydər Əliyevin uğurlu iqtisadi strategiyasının nəticəsi idi. Eyni fikirləri Azərbaycanın XXI əsrdə iqtisadi inkişafı haqqında da demək olar. Cənab prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı dünyanın ən sürətli və dinamik inkişaf edən iqtisadiyyatına çevrildi və illər boyu bu statusu qoruyub saxladı. İllər boyu bu birinciliyin qorunub saxlanması xalqımızın qürur mənbəyidir. Azərbaycan bununla dünyaya öz qüdrətini sübut edə bildi”.

Ə.Əhmədov qeyd edib ki, Azərbaycan yeni inkişafın astanasında dayanır: "Prezident İlham Əliyevin rəhbərliyi altında çox böyük dəyişikliklərə rəvac verən islahatlar konsepsiyası işlənib hazırlanmaqdadır. Bu, Azərbaycanın daha yüksək səviyyəyə qalxmasına imkan verəcək, Azərbaycan öz möcüzələri ilə yenidən dünyada tanınmağa imkan qazanacaq. YAP bütün potensialını bu ideyaları həyata keçirmək uğrunda səfərbər edib. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi islahatlar konsepsiyası təqdim olunacaq”.

Tədbir rəsmilərin çıxışları ilə davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR