Bakıda Pakistanın milli bayramı qeyd edilib

Bakıda Pakistanın milli bayramı qeyd edilib
# 28 mart 2018 18:17 (UTC +04:00)

Bakıda Pakistan İslam Respublikasının Milli Gününün 78-ci ildönümü münasibəti ilə rəsmi qəbul keçirilib.

APA-nın məlumatına görə, tədbirdə diplomatik korpus və dövlət qurumlarının nümayəndələri, millət vəkilləri iştirak edib. Tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Ölkəsinin müstəqillik tarixindən danışan Pakistanın Azərbaycandakı səfiri Mohmand Xan Azərbaycan-Pakistan əlaqələrinə də toxunub. O bildirib ki, iki ölkə arasında isti və yüksək səviyyədə əlaqələr mövcuddur: "Bizim yüksək səviyyədə ticari, diplomatik, müdafiə, təhsil, enerji sahəsində əlaqələrimiz var. Kəşmir məsələsində Azərbaycan Pakistana dəstək olduğu kimi biz də Dağlıq Qarabağ məsələsi ilə bağlı həmişə Azərbaycanın yanındayıq".

Tədbirdə iştirak edən Əmək və Sosial Müdafiə naziri Səlim Müslümov çıxışında əvvəlcə prezident İlham Əliyevin adından Pakistan xalqına təbriklərini çatdırıb. O Pakistanın Azərbaycan üçün son dərəcə mühüm bir ölkə olduğunu deyib: "Təsadüfi deyil ki, Azərbaycan müstəqilliyini elan etdikdən sonra onu müstəqil dövlət kimi tanıyan ilk üç dövlət sırasında Pakistan olub. Həmçinin Pakistan dünyada ermənistanı dövlət kimi tanımayan yeganə dövlətdir. Hazırda hər iki ölkəni möhkəm siyasi tellər bağlayır. Kəşmir və Dağlıq Qarabağ məsələlərində hər iki ölkə bir-birinin yanındadır və bir-birini dəstəkləyir".

İki ölkə arasında mədəni, siyas və hərbi sahədə əlaqələrin yüksək səviyyədə olduğunu xatırladan nazir deyib ki, iqtisadi əlaqələrin də bu səviyyəyə qalxması çox arzulanır: "Ölkələrimiz arasında ticarət dövriyyəsinin 10 milyon dollar civarında olması yaxşı deyil və iqtisadi əlaqələrin artırılması, ticarət dövriyyəsinin yüksəldilməsi üçün addımlar atılmalıdır. Bildiyimə görə, yaxın iki ay ərzində Pakistan-Azərbaycan arasında birbaşa hava əlaqələri yaradılacaq. Belə əlaqənin açılması iki xalqın birləşməsi üçün böyük körpü rolunu oynayacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR