ADAPP: “İranda prezident seçkiləri yaxınlaşdıqca azərbaycanlı fəallara qarşı təzyiqlər güclənir”

ADAPP: “İranda prezident seçkiləri yaxınlaşdıqca azərbaycanlı fəallara qarşı təzyiqlər güclənir”
# 18 may 2013 00:13 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranda Azərbaycanlı Siyasi Məhbuslarını Müdafiə Assosiasiyası (ADAPP) İranda son aylarda azərbaycanlılara qarşı həyata keçirilən repressiyalarla bağlı hesabat yayıb.

APA-nın məlumatına görə, sənəddə bildirilir ki, prezident seçkiləri yaxınlaşdıqca İran hökuməti dil və mədəni hüquqlarını tələb edən azərbaycanlı fəallara qarşı təzyiqlərini gücləndirir, onlara uzunmüddətli həbs cəzaları verir.

Hesabatda qeyd edilir ki, 2013-cü ilin mayında İranın Şərqi Azərbaycan vilayətində Təbriz İnqilab Məhkəməsi Yeni GAMOH təşkilatının üzvləri Lətif Həsəni, Mahmud Fəzli, Yürüş Mehrəlibəyli, Şəhram Radmehr və Behbud Quluzadəni hakimiyyət əleyhinə təbliğat aparmaqda və ölkənin milli təhlükəsizliyinə xələl gətirmək üçün qeyri-qanuni təşkilat qurmaqda günahlandıraraq hər birini 9 il müddətinə azadlıqdan məhrum edib. Azərbaycanlı fəallar 5 ay əvvəl həbs ediliblər və hazırda Təbriz həbsxanasında saxlanılırlar.

Sənəddə həmçinin deyilir ki, 2013-cü ilin aprelində İranın Şərqi Azərbaycan vilayətində daha iki azərbaycanlı fəal Abbas (Oxtay) Vəlizadə və Mehdi Kuxiyan Marağa İnqilab Məhkəməsi tərəfindən separatçı pantürkist qruplarla əməkdaşlıqda, hakimiyyət əleyhinə təbliğat aparmaqda, İranın ali dini lideri, ayətullah Əli Xamneyini və dini dəyərləri təhqir etməkdə ittiham edilərək 8 və 1 il həbs cəzalarına məhkum olunublar.

Sənəddə bu il aprelin 30-da Təbriz şəhərində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas, tədqiqatçı-alim Xalidə Xalid və sürücüsü Şamxal Hüseynovun həbsə alınması məsələsinə də toxunulub: “Azərbaycan Respublikasının vətəndaşı X. Xalid böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın ədəbi irsini tədqiq etmək məqsədilə Təbrizə səfər edib. İran təhlükəsizlik qüvvələri onu və sürücüsünü azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin evində tutub. Ancaq onlarla birlikdə həbsə alınmış Əmir Hadiyan, aşıq İsa Qaraxanlı və Fərhadi soyadlı şəxs zəmanətlə müvəqqəti azadlığa buraxılıblar”.

Hesabatda həmçinin vurğulanır ki, mayın 9-da azərbaycanlı fəal və yazıçı İlqar Müəzzinzadə Meşkinşəhr (Xiyav) şəhərində həbs edilib: “İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları azərbaycanlı fəalın evində axtarış aparıb, kompüterini, kitablarını və digər şəxsi əşyalarını müsadirə ediblər. İlqar Müəzzinzadənin həbsinin X. Xalidin tutulması ilə əlaqəli olduğu bildirilir”.

Eyni zamanda sənəddə bildirilir ki, mayın 9-da İranın Qərbi Azərbaycan vilayətinin Makı şəhərində azərbaycanlı fəallar Cahanbəxş (Salur) Sultanzadə və Behnam Bağıri, mayın 13-də İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində azərbaycanlı fəal və jurnalist Abdullah Səduqi həbs edilib, Məhəmməd Xətibi və digər azərbaycanlı fəallara qısamüddətli həbs cəzaları verilib.

Hesabatın sonunda ADAPP İran hökumətindən dil və mədəniyyət hüquqlarını müdafiə etdikləri üçün qeyri-qanuni şəkildə həbsə alınmış bütün vicdan məhbuslarını azadlığa buraxmasını tələb edib.

Qeyd edək ki, bu il iyunun 14-də İranda XI dövr prezident seçkiləri keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR