Mənsum İbrahimov: “80 manat maaşa Məcnun rolunu oynamayanlar indi sənətdə yoxdurlar” - VİDEO

Mənsum İbrahimov: “80 manat maaşa Məcnun rolunu oynamayanlar indi sənətdə yoxdurlar” - <span style="color: red;">VİDEO
# 13 noyabr 2013 06:56 (UTC +04:00)

Bu fikirləri APA TV-də efirə gedən “İlqar Rəsul və...” verilişinin qonağı xalq artisti Mənsum İbrahimov deyib.

O özünün də bir vaxtlar muğam müsabiqəsində iştirak etdiyini deyib: “Mən özüm də 1985-ci ildə Asəf Zeynallı adına musiqi məktəbində oxuyanda Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibətilə keçirilən V musiqi müsabiqəsinin iştirakçısı olmuşam. Məni müsabiqəyə rəhmətlik Vahid müəllim hazırladı. Orada mən “Bayatı-Şiraz” dəsgahını və “Qarabağ şikəstəsi”ni oxudum. Şövkət Ələkbərova, Gülağa Məmmədov və Nəriman Əliyev də da münsiflər heyətində idilər. O vaxt reklam-filan yox idi. Şövkət xanım məni öz sinfinə qəbul elədi. Operaya da onun məsləhəti ilə götürdülər. Ağlıma gəlməzdi ki, mən nə vaxtsa Məcnunun partiyasını oxuya bilərəm. 5-6 il Zeydi ifa etmişəm, İbn Salamı oynamışam. Amma yaxşı ki, yaradıcılığıma kiçik rollardan başlamışam. Səhnədə mənə oynamağı, yeriməyi Hafiz Quliyev öyrətdi. Çünki biz ora xanəndə kimi gəlmişdik. Səhnədə oturub oxumaq başqadır. Rol alıb oynamaq və oxumaq tamam başqa bir şeydir”.

Mənsum İbrahimov indi istedadlar üçün geniş imkanlar olduğunu deyib: “O vaxt bizim üçün çətin idi. Mən 5-6 il kiçik rollar oynadım. İndiki kimi deyildi. İndi biz gedib kəndlərdən uşaqları yığıb gətirir, konsertlər hazırlayırıq. Artıq mən öz nüfuzumdan istifadə edib istedadlı uşaqlara kömək edirəm. İndi üç tələbəm var. Biri 2005-də keçirilən müsabiqənin iştirakçısı Pərvaz İbrahimovdur, biri 2007-ci ildəki müsabiqənin iştirakçısı Elməddin İbrahimli, üçüncüsü də indi keçirilən müsabiqənin iştirakçısı Mirpaşadır. Onlar hər üçü prezident təqaüdçüləridir, imkansız ailələrin uşaqlarıdır. Onlar həm də dövlətin himayəsindədir. O vaxt mənə deyirdilər ki, qocalanda sən də belə olacaqsan. Amma belə olmadım, bu gün 6-7 tələbəmi operaya aparmışam”.

Xanəndə özünün də çox çətinlik çəkdiyini deyib: “Mən də kasıb ailənin uşağı olmuşam. Ailədə 9 uşaq idik. Atam kənddə briqadir idi. Kasıbçılıq idi, amma hamı nikbin idi. Kənddə futbol komandası vardı, hər həftə yarış keçirirdik. İndi ora gedəndə o hissləri keçirə bilmirəm. Mənə babamın adını qoyublar. Atam deyirdi ki, sən bu uşaqların, bizim atamızsan. İndi mən də bacıya, qardaşa, qohuma, yaxınlara kömək etməyə çalışıram. Kiminsə ümid yeri olmaq yaxşı şeydir”.

Mənsum İbrahimov muğamı seçməsi barədə də danışıb: “Elə vaxt olub ki, mənə deyiblər, niyə müasir mahnılar oxumursan? Muğamdan pul qazanmaq olmur. Amma mənim bu sənətə hörmətim və sədaqətim olub. İndi tələbələrimə də deyirəm ki, siz işinizi görün. Narahat olmayın, sizi kənardan görürlər. Hərənin öz vaxtı var, o vaxta qədər işləmək, çalışmaq lazımdır. Dözmək, iradə sahibi olmaq çətin məsələdir. Amma dözən adam həmişə qazanır. O vaxt Asəf Zeynallı adına musiqi məktəbində elələri vardı ki, onların yanında oxuyanda utanırdım. Amma indi yoxdurlar. Çünki 80 manat maaş alıb, Məcnun rolunu oynamadılar”.

Xalq artisti bəzən toylarda da iştirak etdiyini gizlətmir: “Mən özümü toy müğənnisi hesab etmirəm. Amma toylara da gedirəm. İlk dəfə Bakı kəndlərindən birində toya getmişəm. Tanışların, yaxınların, dostların, çox vaxt da jurnalistlərin məclisinə gedirəm. Onlar zəhmətkeşdirlər. Dəvət edirlər, gedib təmənnasız iştirak edirəm. Bunu özümə borc hesab edirəm”.

Mənsum İbrahimov tərəf müqabilləri barədə də danışıb: “7 Leyli ilə oynamışam. Hamısı da görkəmli sənətkarlardırlar. İlk Leylim Gülyaz xanım olub. Səkinə xanımla, Simarə xanımla, Qəndab xanımla, Aygün xanımla, Nəzakət Teymurova ilə, Gülüstan Əliyeva ilə oynamışam. Amma ən çox Nəzakət Teymurova ilə oxumuşam”.

Səhnəmizin Məcnunu Sarabskiyə bənzəməkdən qürur duyduğunu deyib: “Azad Mirzəcanzadə bir dəfə müsahibədə demişdi ki, Mənsumu səhnədə görəndə elə bildim Sarabskini gördüm. Bu mənim üçün böyük dəyər idi. Həm sevinirdim, həm də inana bilmirdim. Sarabski operanın bilicisi idi. Sonra bir dəfə Azad müəllim otağıma gələndə ona təşəkkür elədim. Dedi ki, sənin çatışmayan cəhətlərin də var, amma Məcnun belə olmalıdır”.

Mənsum İbrahimov alın yazısına inandığını etiraf edib: “Alın yazısı var. Mən 26 yaşında evlənmişəm. Bizim vaxtımızda hər şey qapalı olurdu, görüşmək yox idi. Lakin içində bir məcnunluq olmasa, heç kəsi sevə bilməzsən. 4 övladım var, ailəmdən də, övladlarımdan da razıyam. Təkcə öz səbirsizliyimdən narazıyam. Bəzən çox darıxıram. İşlərimi çatdıra bilməməkdən qorxuram. Çayxanada oturanları görəndə mənə qəribə gəlir”.

Sənətkar ən böyük arzusunun Qarabağda konsert vermək olduğunu deyib: “Qarabağda konsertlər vermək istəyirəm. Mən o torpaqların bir zərrəsiyəm. Oralardan ötrü burnumun ucu göynəyir. Orada festivallar keçirilirdi. İndi xarabalığa dönüb. Adamın ürəyi ağrıyır. Mənə desələr ki, bu səhnədə son ifandır və həyat da bitir, mən mütləq Qarabağ musiqisi ifa edərdim. Nə qədər sevinsəm də, Qarabağsız yarımçıq kimiyəm. Kəndə gedəndə təpənin üstündən çıxıb baxıram. Bir kəndi yandırıblar, birini dağıdıblar... Ağır dərddir, yaşamayan bilməz. İndi hər azərbaycanlı qarabağlı olmalıdır. Biz bağışlaya-bağışlaya bu günə qalmışıq. Artıq bağışlamaq lazım deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR