Bakıda Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının iclası keçirilib - YENİLƏNİB

Bakıda Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının iclası keçirilib - <span style="color: red;">YENİLƏNİB
# 28 yanvar 2014 07:45 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, komissiyanın həmsədri, Azərbaycanının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, komissiya Macarıstanın xariciğ işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi, İqtisadiyyat və Ticarət Agentliyinin rəhbəri, Azərbaycan-Macarıstan komissiyasının həmsədri Peter Siyartonun Bakıya səfəri çərçivəsində keçirilir.


Nazir bildirib ki, son illər iki ölkə arasında ticarət dövriyyəsi 40% artıb: «İki ölkə arasında bir çox sahələri əhatə edən bir neçə sənəd imzalanıb. Bu, su təsərrüfatı, hava nəqliyyatı, kənd təsərrüfatı, turizm və rabitə ilə bağlı olan sənədlərdir».


Ş.Mustafayev bildirib ki, Azərbaycanda Macarıstan Ticarət Evinin açılması da iki ölkə arasında əlaqələrin genişləndirilməsinə xidmət edir: «Son illər kənd təsərrüfatı sahəsində böyük işlər görülüb. Bu günə qədər Macarıstandan ölkəmizə 2 700 baş mal-qara gətirilib. Daha 5 700 baş mal-qara yaxın zamanlarda Azərbaycana gətiriləcək».


Nazir qeyd edib ki, iki ölkə arasında təhsil sahəsində də əməkdaşlıq əlaqələri var. Onun sözlərinə görə, bu gün Azərbaycandan 28 tələbə Macarıstanın müxtəlif ali təhsil ocaqlarında təhsil alır, 2 macar magistri isə ölkəmizdə təhsil alır».


Nazir deyib ki, Azərbaycan bu ölkə ilə turizm sahəsində də əlaqələri inkişaf etdirmək niyyətindədir.

P.Siyarton isə öz çıxışında bildirib ki, Macarıstan yeni strategiyası Şərqə yönəlib və bu səbəbdən Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir: «İki ölkə arasında zoo-baytarlıq sahəsində də əlaqələr genişləndiriləcək. Güman edirəm ki, Azərbaycan prezidentinin Macarıstana baş tutacağı növbəti səfərində bir çox sahələrlə bərabər, bununla da bağlı protokol imzalanacaq».

Bununla yanaşı, Macarıstan Azərbaycanla quşçuluq sahəsində də əməkdaşlıq edə bilər. P.Siyarto bildirib ki, bu gün iki ölkə arasında mal-qara idxalı sahəsində sıx əməkdaşlıq əlaqələri mövcuddur: «Azərbaycan Macarıstandan 10 min baş iri mal-qaranın alınması üçün saziş bağlayıb. Lakin bizim quşçuluq sahəsində də böyük təcrübəmiz var və bu təcrübəmizi azərbaycanlı həmkarlarımızla bölüşə bilərik».


Macar nazir əmindir ki, Azərbaycan prezidentinin Macarıstana növbəti səfəri zamanı bununla bağlı da əməkdaşlıq sazişi imzalanacaq.

Qonaq həmçinin bildirib ki, Macarıstan farmokologiya sahəsində də öndə gedən ölkələrdən biridir: «Bundan başqa, əgər iki ölkə arasında birbaşa hava əlaqəsi yoxdursa, demək iki ölkə arasında əlaqələr yoxdur. Sevindiricidir ki, son illər Macarıstan tərəfindən Azərbaycan vətəndaşlarına verilən vizaların sayı 6% artıb. Dünən mən nəqliyyat nazirinin müavini Musa Pənahovla görüşmüşəm və ümumi olaraq belə qənaətə gəldik ki, Azərbaycanla Macarıstan arasında viza rejimi daha da sadələşdirilməli və artırılmalıdır».


Azərbaycanda keçiriləcək I Avropa Olimpiya Oyunları ilə bağlı danışan macarıstanlı nazir qeyd edib ki, Macarıstan şirkətləri də Azərbaycanda keçiriləcək olimpiya oyunlarına hazırlıqla bağlı aparılan tikinti işlərində yaxından iştirak etmək niyyətindədir: «Macarıstan tərəfindən 200 azərbaycanlı tələbəyə təqaüd veriləcək. Bunun üçün biz təhsil, turizm sahəsində əməkdaşlıqda maraqlıyıq və bu səbəbdən viza rejimi sadələşdirilməlidir. Bundan başqa, Bakıda Macar Mədəniyyəti Mərkəzi açılacaq. Biz Budapeştdə də Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasının tərəfdarıyıq və bunu çox istəyərdik. İnanırıq ki, Azərbaycan tərəfi buna maliyyə vəsaiti ayıracaq».

Tədbirin sonunda Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının IV iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi Ş.Mustafayev və P.Siyarton imzalayıblar. Sənədə əsasən, iki ölkə arasında ticarət, iqtisadiyyat, investisiya, sənaye, energetika, təhsil, kənd təsərrüfatı, turizm, su təsərrüfatı, mədəniyyət, ekologiya, gənclər və idman və s. sahələrdə əməkdaşlığın davam etdirilməsi, daha da genişləndirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR