Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ölkənin inkişafında yeni mərhələ açıb. Müstəqil xarici siyasət, iqtisadi imkanlar və ictimai həmrəylik Azərbaycanın regional mövqeyini gücləndirib, beynəlxalq proseslərdə iştirak imkanlarını genişləndirib. Müharibə və qarşıdurmaların artdığı dünyada ölkədə sabitliyin qorunması isə bu siyasətin mühüm nəticələrindən biridir.
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında ideoloji təhlükəsizliyin xüsusi vurğulanması göstərir ki, sabitliyin davamlılığı yalnız hərbi güc və sərhədlərin mühafizəsi ilə ölçülmür. İnformasiya məkanının və ictimai birliyin qorunması da müstəqil siyasətin əsas dayaqlarındandır.

Sərhəd tanımayan təsirlər
Dövlət başçısı ideoloji təhdidlərin cəmiyyətin daxilinə yönəldiyini vurğulayaraq bildirib: “İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir. Biz sərhədlərimizi qoruyuruq və bu da vəzifələrdən biridir. Dövlət sərhədlərimizin mühafizəsinə, qorunmasına müasir texnologiyalardan istifadə etməklə nail olmuşuq”.
Bu yanaşma təhlükəsizliyin dəyişən mahiyyətini ifadə edir. Fiziki sərhədi keçmədən də ictimai rəyi yönləndirmək, etimadı zəiflətmək və qarşıdurma yaratmaq mümkündür. Rəqəmsal platformalar belə təsirlərin yayılmasını sürətləndirir.
Prezident bu xüsusiyyətə ayrıca diqqət çəkib: “Amma ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq”.
Xüsusilə uşaqların və gənclərin dünyagörüşünün formalaşdığı mərhələdə məlumatı yoxlamaq, faktı təbliğatdan ayırmaq bacarığı vacibdir. Xarici təsirlərə qarşı ictimai həmrəyliyin möhkəmləndirilməsi Azərbaycanın müstəqil siyasətinin daxili dayaqlarını qoruyur.
Mənəvi dəyərlər üzərindən siyasi təsir
İnsanların mənəvi dəyərlərindən və etiqadından siyasi məqsədlərlə istifadə olunması ideoloji təhlükəsizliyin həssas istiqamətlərindəndir. Xurafatın yayılması, dünyəvi təhsilə etimadın zəiflədilməsi və qapalı doqmaların təşviqi cəmiyyətin inkişaf imkanlarını məhdudlaşdıra bilər.
İlham Əliyev xaricdəki azərbaycandilli resurslarla bağlı mövqeyini belə ifadə edib: “Nə üçün hansısa ölkədə Azərbaycan dilində bir resurs yaradılır? Yəni bizə kömək etmək üçün? Yox, bizə qarşı təxribat etmək üçün. Xalqımızı çaşdırmaq üçün. Gənclərin beyinlərini zəhərləmək üçün. Budur. Görürsünüz ki, haradasa Azərbaycan dilində resurs yaranıb, bilin ki, məqsəd odur”.
Belə təsirlərlə mübarizədə konkret iddiaların və manipulyasiya üsullarının araşdırılması əhəmiyyətlidir. Məktəb mühiti və geyim qaydaları ətrafındakı müzakirələrin emosional qarşıdurmaya çevrilməsi məsələlərin hüquqi və pedaqoji mahiyyətini arxa plana keçirə bilər. Aydın izah və faktlara əsaslanan ünsiyyət bu riski azaltmağa xidmət edir.
Prezident ideoloji təxribatların siyasi hədəfini də açıqlayıb: “O faktları tapmaq üçün uzağa getmək lazım deyil, bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır. Ya da ki, Qərb ölkələrində, orada da azərbaycandilli resurslar yaradılıb. Nə üçün? Yəni bax, bu birliyi sarsıtmaq üçün, Azərbaycanı özlərinə tabe etdirmək üçün, bizi müstəqillik yolumuzdan döndərmək üçün, sonra da bizi idarə etmək üçün. Bax, budur məqsəd”.
Bu mövqedə ideoloji təhlükəsizlik siyasi müstəqilliklə birbaşa əlaqələndirilir. İctimai birliyin zəifləməsi xarici müdaxilə imkanlarını genişləndirə bilər. Buna görə vətəndaşların suallarının cavablandırılması və etibarlı informasiyaya çıxışının təmin olunması mühüm əhəmiyyət daşıyır.
Təhsil və vətənpərvərlik

Dövlət başçısı ideoloji təsirlərdən qorunmağın əsas yollarını göstərib: “Necə? İlk növbədə, əlbəttə ki, təhsil. Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq. İkinci növbədə, vətənpərvərlik. Əminəm ki, biz hamımız, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir”.
Bu yanaşma media savadlılığının, tənqidi düşüncənin və dövlətçilik şüurunun inkişafını önə çıxarır. Məktəb, ailə və ictimai institutların əməkdaşlığı gənclərin manipulyativ məzmundan qorunmasını gücləndirə bilər.
Prezident Qələbənin və milli iradənin rolunu da vurğulayıb: “Ona görə biz həm Qələbəmizlə fəxr edirik, həm cəsarətimizlə fəxr edirik, iradəmizlə fəxr edirik, xalqımızla fəxr edirik, dövlətimizlə fəxr edirik. Ona görə bu da ideoloji təxribatlara qarşı ciddi bir maneədir. Əlbəttə ki, bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır”.
Müasir maarifləndirməyə ehtiyac
İlham Əliyev ideoloji işin üsullarının yenilənməsini vacib sayıb: “Ona görə ideoloji işin düzgün qurulması, şablonlardan əl çəkmək, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır”.
Bu çağırış real suallara cavab verən və auditoriyanın dilində qurulan ünsiyyət tələb edir. Maarifləndirmə yoxlanıla bilən faktlara söykənməli, ölkədə görülən işlərin mahiyyətini və nəticələrini izah etməlidir.
Dövlət başçısı həmin vəzifəni belə ifadə edib: “Bizə lazımdır ki, həqiqətlər hər bir vətəndaşa çatsın - bu gün çox şaxələnmiş informasiya mənbələri olan bir zamanda, o cümlədən Azərbaycan dilində”. Bu işdə partiyanın məsuliyyətini isə ayrıca vurğulayıb: “Ona görə bu, fiziki təhlükəsizlik qədər önəmli sahədir və burada kim olmalıdır bu işin mərkəzində? Əlbəttə ki, Yeni Azərbaycan Partiyasının üzvləri”.
Təhsil, faktlara əsaslanan ictimai ünsiyyət və milli həmrəylik ideoloji təhlükəsizliyin əsas dayaqlarıdır. Bu dayaqların möhkəmləndirilməsi Azərbaycanın dünyəvi dövlətçilik modelinin və müstəqil inkişaf yolunun davamlılığına xidmət edir.