BDU əməkdaşları “Tədqiqat metodları”na dair təlimdə iştirak ediblər

BDU əməkdaşları “Tədqiqat metodları”na dair təlimdə iştirak ediblər
# 19 iyul 2016 14:52 (UTC +04:00)

Bakı-APA. Təhsil Nazirliyi və ADA Universitetinin təşkil etdiyi “Tədqiqat metodları”na dair təlim işini yekunlaşdırıb.

Dörd ay davam edən təlim zamanı yeni tədris metodları və tədqiqat üsulları tədris olunub. Təlimə Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Milli Konservatoriyası, Memarlıq və İnşaat Universiteti, Təhsil Problemləri İnstitutu və digər təhsil müəssisələrindən olan 40 nəfər müəllim, elmi işçi və doktorant cəlb edilib.

BDU-dan APA-ya bildirilib ki, təlimdə Bakı Dövlət Universitetinin tarix, jurnalistika, filologiya, sosial elmlər və psixologiya fakültəsindən 12 əməkdaş iştirak edib. Təlim 2 mərhələdə həyata keçirilib. İlk 3 ay ərzində tədqiqat metodları, strukturu və akademik yazı və sosial tədqiqatların aparılma qaydaları, elmi materialların axtarışı və digər mövzularda təlimlər keçirilib. Yekun imtahan ilə təlimin birinci mərhələsi başa çatıb. İkinci mərhələdə yüksək nəticə göstərən 20 nəfərdən ibarət işçi qrup seçilib. Qrupa 10 gün ərzində yeni təlim metodları və “Tədqiqat üsulları” fənninə dair fənn proqramının hazırlanması barədə əlavə təlim keçirilib. Bunun üçün iştirakçılar ixtisaslar üzrə işçi qruplara bölünüb. Müxtəlif ali məktəblərdən olan mütəxəssislər tərəfindən tarix, dilçilik, jurnalistika, iqtisadiyyat, sosial elmlər, kimya, musiqişünaslıq ixtisaslarının tədqiqat metodlarına dair fənn proqramları hazırlanıb. BDU əməkdaşları bu təlim kursunu uğurla başa başa vurublar. Yekun tədbirdə Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov, ADA Universitetinin dekanı Vəfa Kazdal, Tədris işləri üzrə prorektor müavini Anar Vəliyev, proqram rəhbəri Səidə Nəbiyevə kursun əhəmiyyəti, prosesin gözlənilən nəticələri barədə çıxış edib, məzunları təbrik ediblər. Sonda iştirakçılar müvafiq sertifikatlarla təltif ediliblər.

Qeyd edək ki, “Tədqiqat üsulları” fənninin bütün ali məktəblərin magistratura pilləsində tədrisi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR