Bakıda dinlər və mədəniyyətlərarası dialoq, böhranların həlli yolları müzakirə olunub

Bakıda dinlər və mədəniyyətlərarası dialoq, böhranların həlli yolları müzakirə olunub
# 29 sentyabr 2016 11:40 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu gün V Bakı Beynəlxalq Humanitar Forumunun plenar iclasında iclasda çıxış edən ABŞ-dakı Simon Vizental Mərkəzi rəhbərinin müavini, ravvin Abraham Kuperin təşəbbüsü ilə ötən gün vəfat edən İsrailin sabiq prezidenti Şimon Peresin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

APA-nın məlumatına görə, ravvin A. Kuper çıxışında deyib ki, tolerantlığı, dözümlülüyü təşviq etmək üçün hər şey etmək lazımdır.

ABŞ-dakı Simon Vizental Mərkəzi rəhbərinin müavini qeyd edib ki, insanların vəziyyəti dəyişməsi üçün gücləri: “Bunun üçün əməkdaşlıq etmək lazımdır. Biz Bakıda da bunun üçün toplaşmışıq. Azərbaycanda çox tolerant bir cəmiyyət var, 2016-cı il də “Multikulturalizm ili” elan edilib. Azərbaycana minnətdarıq ki, çoxmillətli, çoxdinli modelini dünyaya təqdim edir. Azərbaycan prezidenti İlham Əliyevə xüsusi təşəkkürümüzü çatdırırıq”.

Azərbaycanda yəhudilərin əsrlərlə sülh şəraitində yaşadığını vurğulayan Ravvin A. Kuper xatırladıb ki, Azərbaycanda sünni və şiələr də mehriban şəraitdə yaşayır, birgə məscidlərə gedirlər: “Qarşılıqlı hörmət olduğu təqdirdə mədəniyyətlər birgə yaşaya bilər”.

Plenar iclasda çıxış edən Argentina Milli Konqresi Deputatlar Palatasının vitse-spikeri Patrisa Ximenez bildirib ki, 1996-cı ildə Argentinada Konstitusiya islahatları həyata keçirilib: “Bu dəyişikliklərdən biri yerli aborigen xalqların mədəniyyətinin inkişafı ilə bağlı idi. Əvvəllər aborigenlər Argentina iqtisadiyyatında, siyasətində iştirak etmirdilər, tamamilə marginallaşdırılmışdılar. Aborigen xalqlar mülkiyyət hüquqlarından istifadə edə bilməməkdən şikayətlənirdilər. Biz Konstitusiya islahatlarından sonra aborigenlərin ölkə həyatında daha aktiv iştirakına nail ola bildik. Aborigen xalqların torpaqlarının qaytarılması üçün bu insanlara Ali Məhkəməyə birbaşa müraciət etmək hüququ verdik və onların torpaqları da qaytarıldı. Aborigen xalqların mili işləri üzrə institut da yaradılıb”.

Foruma dəvətlə əlaqədar Azərbaycana təşəkkür edən Çin Buddist Assosiasiyasının sədri Syue Çenqin dinlə bağlı düzgün olmayan təfsirlərin aradan qaldırılmasının zəruri olduğunu vurğulayıb: “Biz dini köklərindən asılı olmayaraq nəsillər arasında ünsiyyət yaratmalıyıq. Ünsiyyət universal xarakter daşıyır, müxtəlif dinlərə və mədəniyyətlərə tətbiq edilə bilər. Tarix göstərir ki, böyük dinlər müxtəlif fərqli mədəniyyətlər haqqında məlumatların çatdırılmasında ilk cərgədə olublar, bir ünsiyyət vasitəsidir. İnsan dəyərlərindən uzaqlaşdırıla bilməz. Buddizmə nəzər salınsa, buddizimdə hər bir insan, din mərkəzi yer tutur. Biz bu müxtəlif ölkələrin xalqlarına, insanlarına da çatdırırıq ”.

Qazaxıstan dövlət katibi Gülşara Abdıxalikova Qazaxıstanda dinlər və mədəniyyətlərarası dialoqla bağlı qurum yaradıldığını nəzərə çatdırıb. Burada 138 milli-etnik qrupun nümayəndələri təmsil olunur: “Qazaxıstan biliklər iqtisadiyyatına keçmək niyyətindədir. Qazaxıstan 2050-ci ilə qədər dünyanın ən inkişaf etmiş 30 ölkəsi sırasına daxil olacaq. Bu Forumun dünya xalqları üçün sülhün təmini ioə əlaqədar konstruktiv təkliflər təqdim edəcəyinə inanıram. Azərbaycan belə mötəbər beynəlxalq tədbirin keçirilməsi ilə öyünə bilər. ”.

Parisdə terror aktlarından sonra gərginlik yaşandığını söyləyən Fransa İmamları Konfransının sədri Hassen Şalqumin hazırda Fransada bəzilərinin birgə yaşayışın mümkün olmadığı barədə fikirlər səsləndirdiyini nəzərə çatdırıb: “İslam, xristianlıq tolerantlıq dinidir. Azərbaycanın nümunəsi göstərir ki, birgə yaşayış mümkündür. İnanıram ki, Fransada xristianlar və müsəlmanlar tolerant şəkildə yaşayacaq. Terrorçunun dinə aid olmayan bir bəladır”.

Afrika İttifaqının Siyasi məsələlər üzrə komissarı Aişə Abdullahi Forumda sülh, mədəniyyətlər və dinlərarası dialoq, inkişaf ilə bağlı fikirlər səsləndirildiyini qeyd edib: “Afrika qitəsində yaşanan humanitar böhranlar səngiməyib. Əfsuslar olsun ki, digər qitələrdə baş verən müharibələr, böhranlar Afrikada böhranlara təsir edir, onları dərinləşdirir. Məsələn, Cənubi Sudanda durum humanitar böhrandan da dərindir. Artıq 6 min insan Cənubi Sudanı tərk edib, başqa ölkələrə yollanıb. Somalidə də vəziyyət dəyişmir, siyasi təsisatlar zəifdir. Etnik azlıqlar və klanlar arasında toqquşmalar davam edir. Bu mühitdən terror qrupları istifadə edir. Beynəlxalq ictimaiyyətin dəstəyi ilə gərginliyin səngiməsinə nail olacağımıza inanırıq. Afrikanın cənubunda da müharibə səngimir. Afrikada uşaqların 70 faizi xəstəlik təhlükəsi qarşısındadır. Buna görə də Afrika İttifaqı uşaqların xəstəliyinin səbəblərinin araşdırılması, qarşısının alınmasına yardım məqsədi ilə BMT-yə müraciət etmişik”.

Afrika İttifaqının Siyasi məsələlər üzrə komissarı təhsil və innovasiyaların inkişafının zəruri olduğunu vurğulayıb: “Bizim məcburi köçkünlər problemi var. Biz dövlətlərə müraciət etmişik ki, məcburi köçkünlər fondu yaratsınlar. Düzdür, Afrika İttifaqı məcburi köçkünlərlə bağlı layihələr həyata keçirir. Ancaq bu, yetərli deyil. Afrika İttifaqı məcburi köçkünlərlə bağlı inkişaf fondunun yaradılması üzərində işləyir. Bu fond 2020-ci ildə fəaliyyətə başlayacaq. ”.

İslam Əməkdaşlıq Təşkilatı baş katibinin köməkçisi Heşam Yussif Azərbaycana Forumun təşkili ilə bağlı təşəkkürünü çatdırıb: “Bu Forumda müxtəlif xalqların, dinlərin təmsilçiləri iştirak edirlər. Son 2 ildə bütün humanitar təşkilatlar böhran məkanlarının genişləndiyini qey edirlər. Yeri gəlmişkən, Türkiyəyə təşəkkür edirik ki, böyük sayda qaçqınlara sərhədlərini açıb, onlara yer verib, qayğılarına qalıb. ”.

İslam Əməkdaşlıq Təşkilatı baş katibinin köməkçisi Hələbdə durumun faciəli olduğunu, Yəmən əhalisinin 80 faizinin təcili humanitar yardıma ehtiyacı olduğunu söyləyib: “Siyasi həll yolları tapılmayana qədər bu böhranlar aradan qalxmayacaq. O cümlədən Fələstin problemi ədalətli həll olunmadan Yaxın Şərqdə problemlər aradan qalxmayacaq. Biz humanitar yardımların ən azı 2030-cu ilə qədər təşkili forması üzərində işləməliyik”.

YUNESKO İcra Şurasının sədri Maykl Vorbs İçərişəhərin YUNESKO-nun “Mədəni irs” siyahısında olduğunu xatırladıb: “Azərbaycan mədəniyyətlər qovşağında yerləşib. Bakıda keçirilən Beynəlxalq Humanitar Forum YUNESKO-nun məqsədlərinə xidmət edir. Ona görə də Foruma daha çox iştirakçının qatılmasını tərəfdarıyıq. Gələn il YUNESKO daxilində üzv dövlətlərlə birgə davamlı inkişafla bağlı prioritetləri müəyyən edəcəyik”.

YUNESKO İcra Şurasının sədri qərəzsiz jurnalistikanın inkişafının vacib olduğunu dilə gətirib: “Biz vətəndaş cəmiyyəti ilə birgə çalışmalı, tərəfdaşlar müəyyən etməliyik. Bu Forumda biz ümumi təşəbbüslərin müəllifinə çevrilə, qarşımıza qoyduğumuz məqsədlərə nail ola, 2030-a qədər davamlı inkişafı təmin edə bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR