Aydın Əhmədov: “Uşaqların məktəbəhazırlıq təhsilinə cəlb olunmasını 2020-ci ilə qədər 90 faizə çatdırmalıyıq”

Aydın Əhmədov: “Uşaqların məktəbəhazırlıq təhsilinə cəlb olunmasını 2020-ci ilə qədər 90 faizə çatdırmalıyıq”
# 14 mart 2016 09:23 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanda uşaqların məktəbəqədər təhsilə cəlb olunması faizi digər ölkələrə nisbətən aşağıdır.

APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov Milli Məclisin Elm və təhsil komitəsinin iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. O qeyd edib ki, bunun həm obyektiv, həm də subyektiv səbəbləri var: “Biz bu sahədə beynəlxalq təcrübəni öyrənməli və ölkəmizdə tətbiqini həyata keçirməliyik. Azərbaycanda uşaqların məktəbəhazırlıq təhsilinə cəlb olunmasını 2020-ci ilə qədər 90 faizə çatdırmalıyıq. Bu, çox vacib məsələlərdən biridir. Ümumiyyətlə, təhsilin keyfiyyətinin artırılmasında, xüsusilə də ibtidai təhsilin hamı üçün əlçatan olması və keyfiyyətinin səmərəliliyinin yüksəldilməsində məktəbəhazırlıq təhsilinin əhəmiyyəti müstəsnalıq kəsb edir. Ona görə də bu məsələ ciddi şəkildə gündəmdə olmalıdır”.

A. Əhmədov deyib ki, məktəbəqədər təhsilin uzun müddət eyni format əsasında qurulmasına baxmayaraq, başqa növlərə ciddi diqqət yetirilməyib: “Bəlkə indi də bu tendensiya davam edir. Ancaq bölgələrdə və ucqarlarda məktəbəqədər təhsil müəssisələri hazırlığı lazım olan səviyyədə təşkil edə bilmir. Ona görə də bu qanunda ayrı-ayrı məktəbəqədər təhsil növlərinin təsbit olunması çox vacibdir və bunun təşkili mexanizmləri göstərilməlidir. Misal olaraq, elə kəndlər var ki, orada məktəbəqədər təhsil müəssisəsinə cəlb olunan uşaqların sayı elə də çox deyil. Bunun üçün ayrı bir müəssisə yaratmaq və maddi vəsait ayırmağa ehtiyac yoxdur. Bizim məqsədimiz uşaqların təhsildən kənar qalmamasıdır. Biz özəl bağçaların yaradılmasından geri çəkilməməliyik, buna rəvac verməliyik. Çünki məktəbəqədər təhsil müəssisəsinin olması üçün tək bina şəraiti lazım deyil. Həmin binanın içərisində də təsdiq olunmuş standartlara uyğun iş getməlidir. Amma ayrı-ayrı imkanlı şəxslər var ki, belə müəssisələr üçün müvafiq bina inşa edirlər. Təbii ki, həmin müəssisələr üçün də lisenziya alınmalıdır. Ona görə də belə bir məsələ ilə bağlı qanunda məhdudiyyət qoyulmamalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR