Azərbaycan prezidenti dövlət şirkətlərinin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı sərəncam imzalayıb

Azərbaycan prezidenti dövlət şirkətlərinin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı sərəncam imzalayıb
# 05 sentyabr 2016 16:38 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinə İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təklifləri əsasında paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi qaydasını, habelə beynəlxalq təcrübə və milli iqtisadiyyatın xüsusiyyətləri nəzərə alınmaqla, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərində korporativ idarəetmə qaydalarını və standartlarını, habelə həmin qaydaların və standartların mərhələlərlə tətbiqinə dair tədbirlər planını Azərbaycan prezidenti ilə razılaşdırmaqla dörd ay müddətində təsdiq etmək tapşırılıb.

Nazirlər Kabineti həmçinin paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin nəticələrinə əsaslanan ödəniş sistemi (“Performance Based Remuneration System”) əsasında hüquqi şəxslərin idarəetmə orqanlarının üzvlərinə bonus ödənişinin verilməsi qaydasını Azərbaycan prezidenti ilə razılaşdırmaqla dörd ay müddətində təsdiq etməli, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə maliyyə hesabatlarının beynəlxalq standartlarının mərhələlərlə tətbiqi üçün tədbirlər görməli və görülən işlər barədə ildə iki dəfə Azərbaycan prezidentinə məlumat verməlidir.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR