BMT-nin İnkişaf Proqramı 50 illiyini qeyd edir

BMT-nin İnkişaf Proqramı 50 illiyini qeyd edir
# 25 fevral 2016 06:59 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. BMT-nin İnkişaf Proqramının (UNDP) 50 illiyi münasibətilə BMT Baş Assambleyasında quruma üzv ölkələrin nazirləri səviyyəsində toplantı keçirilib.

APA-nın xəbərinə görə, BMT-nin İnkişaf Proqramının yubileyinə həsr olunmuş BMT BA-nın toplantısında müxtəlif ölkələrdən təxminən 80-nə yaxın nazir iştirak edib. Tədbir iştirakçılarına video-müraciət ünvanlayan BMT-nin baş katibi Pan Gi Mun BMT-nin İnkişaf Proqramının bütün əməkdaşlarına insanların həyat standartlarının və əhalinin əlverişsiz şəraitdə yaşayan kateqoriyasının rifahının yaxşılaşdırılmasında göstərdiyi səylərə görə təşəkkür edib.

BMT baş katibi vurğulayıb ki, BMT-nin İnkişaf Proqramı daim yoxsulluqla mübarizədə ön sırada olub və həyata keçirdiyi layihələr sayəsində böhranlardan əziyyət çəkən bir çox ölkənin qısa zamanda bərpasına nail olunub.

Toplantıda davamlı inkişaf məqsədlərinin həyata keçirilməsinin yolları və qurumun bu tapşırıqların yerinə yetirilməsindəki rolu müzakirə edilib.

Qeyd edək ki, BMT-nin İnkişaf Proqramı 1966-cı ildə BMT-nin Xüsusi fondu və Texniki dəstək üzrə Genişləndirilmiş Proqramın birləşməsi nəticəsində yaradılıb. Proqram əhalinin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə texniki dəstək və resurslar vasitəsilə yardım edir. Qurum 166 ölkədə fəaliyyət göstərir və büdcəsi BMT-yə üzv dövlətlərin könüllü yardımları və vacib beynəlxalq təşkilatların dəstəyi hesabına formalaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR