Oqtay Əsədov: “TAP layihəsi çərçivəsində İtaliyaya külli miqdarda təbii qaz nəql olunacaq”

Oqtay Əsədov: “TAP layihəsi çərçivəsində İtaliyaya külli miqdarda təbii qaz nəql olunacaq”
# 26 may 2016 16:48 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Milli Məclisin sədri Oqtay Əsədov İtaliya Senatının Avropa İttifaqının siyasəti daimi kKomissiyasının sədri Vannino Kitinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Milli Məclisdən APA-ya verilən məlumata görə, O. Əsədov bildirib ki, bu görüş iki ölkə arasında parlamentlərarası əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək. O qeyd edib ki, Azərbaycan və İtaliya arasında yüksək səviyyəli siyasi dialoq mövcuddur: “Bu günədək ölkələrimiz arasında 39 sənəd imzalanıb ki, bu da səmərəli əməkdaşlığa möhkəm hüquqi təminat verir. Biz qanunverici orqan olaraq bu siyasəti dəstəkləyirik. Azərbaycanla İtaliya arasında imzalanmış Strateji tərəfdaşlıq haqqında Bəyannaməni əhəmiyyətli hesab edirik”.

İqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu deyən Milli Məclisin spikeri bildirib ki, vaxtilə iki ölkə arasında ticarət dövriyyəsi 5 milyard ABŞ dolları həcmində olub: “Son dövrdə bu sahədə azalma müşahidə olunsa da, biz inanırıq ki, gələcəkdə bu göstərici daha da yüksələcək. Bu fikri söyləmək üçün möhkəm əsaslar da var. Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verməkdə olan Azərbaycan bu gün TANAP və TAP kimi layihələri - Cənub Qaz Xəttinin çəkilişi ilə əlaqədar işləri davam etdirməkdədir. Təkcə, TAP çərçivəsində İtaliyaya külli miqdarda təbii qaz nəql olunacaq”.

O. Əsədov Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq Ermənistanın təxribatlarının davam etdiyini söyləyib.

V. Kiti isə İtaliyanın Azərbaycanla əlaqələrin inkişafına böyük maraq göstərdiyini vurğulayıb.

Qonaqlar Milli Məclisin İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə də görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR