Fransada 5000 silahlı əsgər küçəyə çıxarılıb - HADİSƏ YERİNDƏN

Fransada 5000 silahlı əsgər küçəyə çıxarılıb - <span style="color: red;">HADİSƏ YERİNDƏN
# 15 noyabr 2015 11:01 (UTC +04:00)

Paris. Fuad Qulubəyli-APA. Fransa polisi noyabrın 13-də baş vermiş silsilə terror aksiyaları ilə bağlı istintaq hərəkətlərini davam etdirir.

APA-nın Parisə ezam edilmiş xüsusi müxbirinin verdiyi xəbərə görə, indiyə qədər açıqlanan məlumatlarda terrorçular arasında bir fransız vətəndaşı olduğu bildirilir. İlkin məlumata əsasən, İsmail Ömər Mustafa adlı bu şəxs 1985-ci il təvəllüdlüdür və Fransanın Şartr qəsəbəsində yaşayıb. Fransa polisi onun şəxsiyyətini Bataklan klubunda kəsilmiş barmaq izlərindən müəyyən edib. Mustafa əvvəllər xuliqanlıqla məhkum olunub. Fransa xüsusi xidmət orqanlarındakı “potensial terrorçu” siyahısında onun adı olmayıb.

Açıqlanmış son məlumatlara görə, İsmail Ömər Mustafa yaxın vaxtlarda Türkiyə üzərindən Suriyaya gedib. Hazırda onun atası, qardaşı və qardaşı arvadı da daxil olmaqla yaxınlarından 6 nəfər həbs edilib. Onların evlərində axtarış aparılır.

Terrorçuların istifadə etdikləri qara rəngli “Seat Leon” markalı avtomobil isə Paris yaxınlığındakı Montröy qəsəbəsində tapılıb. Avtomobildən silah da götürülüb.

Bütün Fransa ərazisində təhlükəsizlik tədbirləri görülüb, strateji obyektlər və əhalinin sıx toplaşdığı yerlər xüsusi nəzarətə götürülüb. Ölkə ərazisində təhlükəsizlik tədbirlərini həyata keçirmək üçün Fransa ordusundan 5000 silahlı əsgər cəlb edilib.

Parisdə isə bu gün bazar günü olduğu üçün və xüsusilə polisin xəbərdarlığı nəzərə alındığından əksər müəssisələr və ticarət mərkəzləri qapalıdır. Bütün Fransa ərazisində təhlükəsizlik tədbirləri görülüb, strateji obyektlər və əhalinin sıx toplaşdığı yerlər xüsusi nəzarətə götürülüb. Ölkə ərazisində təhlükəsizlik tədbirlərini həyata keçirmək üçün Fransa ordusundan 5000 silahlı əsgər cəlb edilib.

Sakinlər terror hadisələrinin baş verdiyi ərazilərə gəlib, qurbanların xatirəsini yad edir, gül qoyur, şam yandırırlar.

Hadisə nəticəsində ölən və yaralananların ailə üzvləri və qohumları üçün Parisin Hərbi Məktəbində xüsusi psixoloji məntəqə açılıb. Son məlumatlara görə, hadisə nəticəsində 129 nəfər ölüb, 352 nəfər yaralanıb. Yaralılardan 90-nın vəziyyəti ağır olaraq qalır. Ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi prosesinə də başlanılıb.

Hökumət üzvləri bütün bəyanatlarında xalqı həmrəy olmağa, həmçinin daha ehtiyatlı və diqqətli davranmağa çağırırlar. Fransa rəsmilərinin bəyantlarında tez-tez “ölkənin müharibə vəziyyətində olması” barədə fikirlər səsləndirilir. Prezident Ollanddan sonra Fransanın baş naziri də “ölkənin İŞİD-ə qarşı müharibədə olduğunu” bildirib. O qeyd edib ki, bundan sonra "İslam dövlətinə" qarşı hücumlar intensiv olacaq.

Bu gün nəşr olunmuş Fransa qəzetlərinin də manşetləri istisnasız olaraq terrorla bağlıdır. Tirajlı qəzetlərin hamısında "Fransa İŞİD-ə qarşı”, “Mən Parisəm", "Müqavimət göstərək", "Fransa müharibəyə girir" kimi manşetlər atılıb.

Ölkədə nümayişlərin keçirilməsinə icazə verilməsə də, əhali əsas meydanlara toplaşır. Sabah isə yerli vaxtla saat 12.00 –da Fransada 1 dəqiqəlik sükut elan olunacaq.

Bazar ertəsi məktəblərin fəaliyyətini bərpa edəcəyi deyilsə də, bu barədə hələlik rəsmi qərar yoxdur. Muzeylər, idman kompleksləri və sair yerlər isə hələ bir müddət bağlı olacaq.

Fransa prezidenti Fransua Olland Xalq Hərəkatı Birliyi Partiyasının sədri Nikola Sarkozi və ifrat sağ partiya olan Milli Cəbhənin sədri, xanım Marin le Penle görüşür. Bazar ertəsi isə Olland Versal sarayında parlamentin hər iki palatasının, Milli Assambleya və Senatın sədrləri, parlamentdəki siyasi qrupların rəhbərləri və müxalifət partiyalarının iştirakı ilə toplantı keçirəcək. Bundan sonra isə onun xalqa müraciət edəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR