Dünya Bankı: Azərbaycanda həyata keçirilən layihələrə bundan sonra da dəstək göstəriləcək

Dünya Bankı: Azərbaycanda həyata keçirilən layihələrə bundan sonra da dəstək göstəriləcək
# 15 sentyabr 2015 15:25 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə yeni regional direktoru xanım Mersi Tembonu qəbul edib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycan və Dünya Bankı arasında əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib.

Ş.Mustafayev Azərbaycan və Dünya Bankı arasında əməkdaşlığın çoxşaxəli olduğunu və nəqliyyat, kənd təsərrüfatı, səhiyyə, təhsil, biznes mühitinin daha da yaxşılaşdırılması kimi sahələri əhatə etdiyini qeyd edib. Nazir əlavə edib ki, Azərbaycan gələcəkdə də Dünya Bankı ilə əməkdaşlığın davam etdirilməsində maraqlıdır.

Görüşdə Ş.Mustafayev Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı barədə məlumat verib, hazırda iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində işlərin davam etdirildiyini vurğulayıb. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini bir daha diqqətə çatdırıb.

Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə regional direktoru M.Tembon qəbula görə təşəkkür edib, uğurlu əməkdaşlıqdan məmnunluğunu bildirib. M.Tembon Azərbaycanın iqtisadi, həmçinin bərk məişət tullantılarının idarə edilməsi, Abşeron göllərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması layihələri çərçivəsində əldə etdiyi uğurları müsbət qiymətləndirib, Dünya Bankının ölkəmizdə həyata keçirilən layihələrə bundan sonra da dəstək göstərəcəyini diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR