Bakıda sənaye nümunəsinin mühafizəsinə həsr olunmuş seminar keçirilir

Bakıda sənaye nümunəsinin mühafizəsinə həsr olunmuş seminar keçirilir
# 24 may 2016 07:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakı şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Sənaye nümunələrinin Beynəlxalq Qeydiyyatı üzrə Haaqa Sisteminin səmərəli istifadəsi" mövzusunda beynəlxalq seminar öz işinə başlayıb.

"APA-Economics" xəbər verir ki, seminarda çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin müavini Niyazi Rəhimov ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsində əqli mülkiyyətin rolu və bu sahədə mövcud olan aparıcı təşkilatlarla əməkdaşlıq əlaqələrini xüsusi vurğulayıb. Onun sözlərinə görə, cari iqtisadi proseslər Azərbaycanda qeyri-neft sahəsinin, sənaye və ticarətin daha da inkişaf etdirilməsi zərurətini artırmaqdadır. Bu müstəvidə Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar məhz iqtisadiyyatda innovativliyin təşviqi, ədalətli rəqabət və azad ticarət şəraitinin təmin olunmasına yönəlib: "Hüquqi dövlət quruculuğu nəticəsində ölkəmizdə əqli mülkiyyət hüquqlarının qorunması və effektiv idarə olunması üçün müasir hüquqi-normativ baza yaradılıb, texnologiyalar üzərində müstəsna hüquq sahibləri və sənaye arasında münasibətlərin tənzimlənməsi, bununla da innovasiyaların sənayedə daha da geniş tətbiq edilməsi üçün bütün lazımi hüquqi şərait yaradılıb. Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasətin iqtisadi effektivliyə malik, müasir texnologiyalara və insan kapitalına əsaslanan iqtisadiyyatın daha da surətlə bərqərar olmasına xidmət edir".

N. Rəhimov Azərbaycanın 1995-ci ildən Ümumdünya Əqli Mülkiyyət Təşkilatına üzv olduğunu və ölkəmizin həmçinin əqli mülkiyyət hüquqlarının təminatına xidmət edən bir çox saziş, müqavilələrə qoşulduğunu bildirib. Bunlardan birinin də "Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında" Haaqa Müqaviləsinin Cenevrə Aktı olduğunu bildirən aparat rəhbərinin müavini, bu günə qədər Haaqa Sazişi üzrə 1128 sənaye nümunəsi üzrə beynəlxalq qeydiyyat, 348 ədəd yerli iddiaçıların müraciətinin qeydə alındığını diqqətə çatdırıb.

ÜƏMT-nin Haaqa Reyestrinin baş müşaviri Mixail Faleyev Azərbaycanla əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib. O, əqli mülkiyyət sahəsində Azərbaycanın uğurlarını, bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə həyata keçiriləcək işləri və gələcəkdə əməkdaşlıq münasibətlərinin daha da genişlənəcəyindən əminliyini vurğulayıb.

Seminarda Azərbaycanda sənaye nümunəsinin mühafizəsi: Qanunvericilik aspektləri, sənaye nümunəsinin mühafizəsi sahəsində Azərbaycan sənayesinin inkişaf reallıqları, sənaye nümunələrinin beynəlxalq qeydiyyatı üzrə Haaqa Sistemi: elektron sənədləşmə mövzularında məruzələr dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR