Tiflisdə NATO-Gürcüstan Həftəsi çərçivəsində forum keçirilir

Tiflisdə NATO-Gürcüstan Həftəsi çərçivəsində forum keçirilir
# 04 aprel 2016 12:36 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisdə NATO-Gürcüstan Həftəsi çərçivəsində Demokratik Xalq Diplomatiyası Forumu keçirilir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili çıxışı zamanı son günlər Dağlıq Qarabağda baş verən hadisələri şərh edib və beynəlxalq ictimaiyyətin səylərinin regiona yönəldilməsinin vacibliyindən danışıb.

O qeyd edib ki, regionda sülh və sabitliyin bərqərar olması gərginliyi aradan qaldırmağa komək edəcək: “Mən ümid edirəm ki, biz beynəlxalq ictimaiyyətin səylərini cəmləşdirib regiona yönəltsək, Dağlıq Qarabağda qarşıdurmanın sülh yolu ilə həllinə nail olacağıq”.

Sonra G. Kvirikaşvili ölkəsinin NATO ilə əməkdaşlığından danışıb: “Bu istiqamətdə müsbət irəliləyişlər var. Gürcüstan aspirant ölkə kimi NATO əlaqələrinə böyük əhəmiyyət verir. Bu gün alyans üzvləri və tərəfdaşları qarşısında duran vəzifələr və dünyanın beynəlxalq təhlükəsizlik çağırışları strateji rabitə tələb edir”.

NATO baş katibinin ictimaiyyətlə əlaqələr üzrə müavini Ted Vaytsayt isə NATO-Gürcüstan tərəfdaşlığı çərçivəsində görülən işlər və ictimaiyyətə informasiyanın çatdırılmasından danışıb, NATO haqqında informasiyanın vacib olduğu və dövlətin həyata keçirdiyi tədbirlər haqqında fikirlərini açıqlayıb.

Sonra tədbir panellərdə davam edib. Panellərdəki çıxışların ardınca tədbir diskussiya şəklində davam edib.

Sabah forumda Gürcüstan prezidenti Giorgi Marqvelaşvili və müdafiə naziri Tina Xidaşeli, ABŞ-ın Gürcüstandakı səfiri Lan Kelli və digər şəxslərin çıxış edəcəyi gözlənilir.

NATO-nun Cənubi Qafqaz üzrə nümayəndəsi B. Lahyü isə APA-ya açıqlamasında son günlər Dağlıq Qarabağda baş verənlərə münasibət bildirib: “Bu münaqişənin tənzimlənməsi NATO-nun səlahiyyətində deyil və bizim təşkilat bu məsələdə məsuliyyət daşımır. Bu vacib məsələ ilə ATƏT-in Minsk qrupu məşğul olur və NATO onun fəaliyyətini dəstəkləyir”. B. Lahyü Azərbaycan-Ermənistan münaqişəsinin beynəlxalq boru xətləri üçün hələlik təhlükə törətmədiyini bildirib: “Bu barədə hamı danışır. İndi dünya bu münaqişənin dayandırılmasına və tənzimlənməsinə çalışır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR