İSB: İcbari sığorta haqlarını daha bir ödəniş sistemi vasitəsi ilə ödəmək mümkündür

İSB: İcbari sığorta haqlarını daha bir ödəniş sistemi vasitəsi ilə ödəmək mümkündür
# 08 yanvar 2018 07:30 (UTC +04:00)

Artıq icbari avtoməsuliyyət sığortası müqavilələri üzrə sığorta haqlarını “MilliÖn” ödəniş terminalları vasitəsilə də ödəmək mümkündür.

İcbari Sığorta Bürosundan “APA-Economics”ə verilən məlumata görə, vətəndaşlar bu yenilikdən istifadə etməklə öz icbari sığorta müqavilələri üzrə sığorta haqlarını asanlıqla müştərisi olduğu sığorta şirkətinin hesabına köçürə bilərlər. Bunun üçün sadəcə terminalın ekranında “Sığorta”, daha sonra “İcbari avtoməsuliyyət sığortası” düyməsini seçmək və tələb olunan məlumatları daxil edərək ödənişi icra etmək tələb olunur.

Ödənişi etmək üçün icbari sığorta müqaviləsində qeyd edilmiş mobil nömrəyə 9707 qısa nömrəsindən SMS-lə göndərilmiş ödəniş kodundan və ya şəxsiyyət vəsiqəsinin seriya nömrəsi ilə avtonəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrəsindən istifadə etmək lazımdır. Terminallar yalnız kağız əsginaslar qəbul etdiyindən, ödəniş zamanı qalıq qalarsa, həmin qalıq məbləğin kommunal xidmət hesabına yönəldilməsi mümkündür.

“Terminal vasitəsilə sığorta haqqının ödənilməsi ödənişin məbləğinə və prosesin gedişatına bilavasitə nəzarət etmək istəyən vətəndaşlar üçün daha əlverişli yoldur.

Qeyd etmək lazımdır ki, sözügedən imkanın yaradılması İcbari Sığorta Bürosu ilə “MilliÖn” ödəniş sisteminin operatoru olan “Komtec” şirkətinin birgə əməkdaşlığı sayəsində mümkün olub”, - deyə məlumatda vurğulanıb.

“MilliÖn” terminallarında icbari avtoməsuliyyət sığortası müqavilələri üzrə sığorta haqlarının ödənilməsi qaydası ilə daha ətraflı İcbari Sığorta Bürosunun hazırladığı və veb-saytında yerləşdirilmiş istifadəçi təlimatı və maarifləndirici videoçarx vasitəsilə tanış olmaq olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR