Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub
# 26 yanvar 2018 09:39 (UTC +04:00)

Bu gün Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılacaq Peşə Tədris Mərkəzinin təməlqoyma mərasimi keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə təhsil naziri vəzifəsini icra edən nazir müavini Ceyhun Bayramov, Cənubi Koreya səfiri Kim Çang-gyu, bu ölkənin Biliklərin Transferi üzrə Qlobal İnstitutunun prezidenti Kim Dong Man, millət vəkilləri, rektorlar iştirak ediblər.

C. Bayramov bildirib ki, əmək bazarının dəyişən tələblərinə uyğun rəqabətqabiliyyətli kadr hazırlığı üçün belə mərkəzlərin istifadəyə verilməsi vacibdir. O qeyd edib ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində bütün növ zəruri avadanlıqlar, təlim və tədris vəsaitləri ilə təchiz olunacaq.

Koreya səfiri Kim Çang-gyunun sözlərinə görə, Peşə Tədris Mərkəzi Azərbaycanda insan resurslarının inkişafı üçün böyük əhəmiyyətə malik olacaq.

Koreyanın Biliklərin Transferi üzrə Qlobal İnstitutunun prezidenti Kim Dong Man deyib ki, Peşə Tədris Mərkəzində çalışan müəllimlər üçün treninqlər keçiriləcək, koreyalı mütəxəssislər tərəfindən dərs vəsaitləri hazırlanacaq.

Layihəyə uyğun olaraq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin bazasında mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, informasiya texnologiyaları, avtomobil və avtomatlaşdırma istiqamətləri üzrə ən müasir maddi-texniki baza, Koreyanın tədris planı və bu ölkənin mütəxəssislərinin iştirakı ilə təhsil müəssisəsinin yaradılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR