Gəncədə “15 iyul - xalqın səsi, ədalətin zəfəri! Azərbaycan-Türkiyə” adlı tədbir keçirilib

Gəncədə “15 iyul - xalqın səsi, ədalətin zəfəri! Azərbaycan-Türkiyə” adlı tədbir keçirilib
# 09 dekabr 2016 19:32 (UTC +04:00)

Gəncədə “15 iyul - xalqın səsi, ədalətin zəfəri! Azərbaycan-Türkiyə” adlı tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbir Bakı Yunus Əmrə İnstitutunun və TÜRKPA-nın birgə təşkilatçılığı, Türkiyənin Gəncədəki Baş Konsulluğunun dəstəyi ilə reallaşıb.

Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdi zamanı qardaş ölkə hakimiyyətinə Azərbaycan dövləti və xalqının göstərdiyi dəstək üçün təşəkkür etmək məqsədilə keçirilən tədbir hər iki ölkənin müstəqilliyinə həsr olunub.

Türkiyənin Gəncədəki Baş Konsulu Orhan Işık çıxışında Türkiyədə baş verən dövlət çevrilişi cəhdini ciddi sürətdə pislədiyini bildirib. FETÖ terror qruplaşması tərəfindən çevriliş cəhdi zamanı türk xalqının birlik nümayiş etdirdiyini, Azərbaycanın Türkiyə ilə həmrəy olduğunu vurğulayıb.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev iyulun 15-də Türkiyədə FETÖ terror qruplaşmasının çevrilişə cəhd göstərdiyini, xalq və milli iradənin gücünün həmin gecə şanlı qələbə qazanaraq Türkiyənin adını tarixə bir daha yazdığını söyləyib.

Bakı Yunus Emre İnstitutunun müdiri İbrahim Yıldırım Türkiyədə baş vermiş hadisələr və 15 iyul zəfəri barədə danışıb. Azərbaycanın və digər türk dövlətlərinin dəstəyini xüsusi vurğulayıb. İbrahim Yıldırım tədbirdə iştirak edənlərə və dəstək verənlərə təşəkkürünü bildirib.

Milli Məclisin deputatları Pərvin Kərimzadə və Naqif Həmzəyev 15 iyul gecəsi prezident Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə xalqın meydanlara çıxdığını, demokratiyanın qorunması uğrunda öz canını qurban verməyə hazır olduğunu sübut etdiyini söyləyiblər. Bildiriblər ki, Azərbaycan 15 iyul hadisələri zamanı Türkiyənin yanında olan, həmrəylik göstərən ilk dövlətlərdən biridir.

Tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mitinqlərin birində Azərbaycanın Xalq Şairi Bəxtiyar Vahabzadənin şeirini oxuduğu, Heydər Əliyevin arxiv videolar əsasında hazırlanan, həmçinin çevriliş cəhdinə qarşı xalqın mübarizəsini əks etdirən videoçarxlar nümayiş olunub, Azərbaycan və türk dillərində şeirlər səsləndirilib. Sonda 15 iyul hadisələri zamanı Türkiyənin müxtəlif bölgələrində həmrəylik göstərən Azərbaycan və Türkiyə vətəndaşlarının foto şəkillərindən ibarət sərgiyə baxış keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR