“Ümumiyyətlə, Azərbaycan bir sıra böyrək xəstəlikləri üçün endemik ocaqdır, yəni uşaqlarda böyrək xəstəliklərinə tez-tez rastgəlmə ehtimalı çoxdur”.
Bunu APA-ya Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev deyib.
O bildirib ki, bunun birinci səbəbi Azərbaycanda qohum nikahlarının sayının çox olmasıdır: “Bu, bizim mental xüsusiyyətlərimizdən biridir. İkincisi, ana bətnində uşaqlarda müəyyən uroloji problemlərin yaranması bəzən nəzərdən qaça bilir. Ona görə də uşaqlar doğulandan sonra onlarda uroloji xəstəliklər olur. Dünyanın hər yerində olduğu kimi bizdə də bir sıra uşaq uroloji xəstəlikləri var ki, bunlar anadangəlmə irsi xəstəliklər hesab olunur. Bu xəstəliklərin vaxtında, düzgün müalicə olunması həmin uşaqların sağlam böyüməsi və onların gənc nəsil olaraq yetişməsində mühüm rol oynayır. Bütün uroloji xəstəliklər içərində uşaqlarda bu xəstəliklərin aşkarlanma halları 3-4%-dir”.
F. Babayev onu da qeyd edib ki, “Xroniki böyrək çatışmazlığı” ilə bağlı yeni dövlət proqramı 2016-2020-ci illəri əhatə etsə də pandemiya səbəbindən bu günə qədər uzadılıb.
“Xroniki böyrək çatışmazlığı ilə bağlı dövlət proqramı 2022-ci ilin mart ayına qədər dövlət tərəfindən təmin olunacaq. 2022-ci ildən sonra dövlət proqramının uzadılması və ya icbari tibbi sığorta tərəfindən həyata keçirilməsi qərarı veriləcək. Hər bir halda hemodializ proqramı tam dövlət hesabına olacaq, yəni xəstələr üçün ödənişsiz olacaq”, - F. Babayev qeyd edib.