Avropa İttifaqının ekspertləri Penitensiar Xidmətin rəis müavini ilə görüşüblər

Avropa İttifaqının ekspertləri Penitensiar Xidmətin rəis müavini ilə görüşüblər
# 08 sentyabr 2015 15:46 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Avropa İttifaqının “Azərbaycanın penitensiar sistemində islahatlara əlavə dəstək” proqramı üzrə ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə Penitensiar xidmətin Baş idarəsində görüş keçirilib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov Avropa İttifaqının ekspertləri - Aurelia Villi, Lorens Broyer, Rəsmiyə Əliyeva, proqam rəhbəri Məryəm Hacıismayılovadan ibarət nümayəndə heyəti ilə görüşdə penitensiar sistemin inkişaf tarixi, aparılmış islahatlar, Penitensiar Xidmətin hazırkı fəaliyyəti, son dövrlər ərzində məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində görülən işlər barəsində məlumat verib.

Avropa İttifaqının eksperti Aurelia Villi isə missiyanın məqsədinin Azərbaycanın penitensiar sistemində aparılan islahatlara əlavə dəstəyin istiqamətlərinin müəyyənləşdirilməsindən ibarət olduğunu bildirib.


H.Əlixanov əlavə dəstək göstərilməsi üçün arzu olunan istiqamətləri nümayəndə heyətinin diqqətinə çatdırıb. Qeyd olunub ki, əlavə yardımın penitensiar xidmət əməkdaşlarının təlimi, infrastrukturun təkmilləşdirilməsi, qanunvericilik bazasının beynəlxalq qaydalara uyğunlaşdırılması, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin daha da genişləndirilməsi, məhkumalara və təqsirləndirilən şəxslərə göstərilən tibbi xidmətin səviyyəsinin artırılması, məhkumların faydalı əməyə cəlb olunmaları, probasiya xidmətinin təşkili və hələ də istisna olunmayan korrupsiya elementləri ilə mübarizə sahələrinə yönəldilməsi daha məqsədəuyğun olardı. Eyni zamanda ayrı-ayrı ölkələrə məxsus mütərəqqi təcrübənin milli mental dəyərlərə və yerli qanunvericilik əsaslarına uyğunlaşdırılaraq tətbiq olunmasının məqsədə uyğun olduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR