Rumıniya səfiri: “İrəli baxdıqda əməkdaşlığın daha da inkişafı üçün böyük potensial görürəm” - MÜSAHİBƏ

Rumıniya səfiri: “İrəli baxdıqda əməkdaşlığın daha da inkişafı üçün böyük potensial görürəm” - <span style="color: red;">MÜSAHİBƏ
# 11 aprel 2017 11:03 (UTC +04:00)

Rumıniyanın Azərbaycandakı səfiri Dan Yankunun APA-ya müsahibəsi

- Rumıniya və Azərbaycan arasında hazırda mövcud olan əlaqələrin səviyyəsini necə qiymətləndirirsiniz?

- Rumıniya və Azərbaycan arasında əsl dostluğa və etimada söykənən sıx, möhkəm əlaqələr mövcuddur. Bildiyiniz kimi, Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkədir. İki ölkə arasında münasibətlər 2009-cu ildə strateji tərəfdaşlığa dair saziş imzalandıqdan sonra ən yüksək səviyyəyə çatıb. Bu, Azərbaycanın Avropa İttifaqına üzv ölkə ilə imzaladığı ilk bu tip sənəd idi. Biz bu ilin iyununda diplomatik münasibətlərimizin qurulmasının 25 illiyi ərəfəsində əməkdaşlığımızın yeni mərhələsinə yaxınlaşırıq. Geriyə baxdıqda görürəm ki, son 25 ildə biz nəzərəçarpacaq irəliləyişə nail ola bilmişik. İrəli baxdıqda isə əməkdaşlığı daha da inkişaf etdirmək üçün böyük potensialın olduğunu görürəm. Konkret layihələrə çevrilməsi gözlənilən çoxsaylı potensial ideyalar var.

- İki ölkə arasında mövcud olan iqtisadi münasibətlər barədə nə düşünürsünüz? Azərbaycanla Rumıniya strateji tərəfdaş ölkələrdir. Gələcəkdə münasibətləri daha da inkişaf etdirə biləyimiz başqa sahələr varmı? Energetika sahəsində əməkdaşlıq hansı səviyyədədir?

- İlk növbədə ikitərəfli ticarətdə müşahidə olunan artım daha əvvəl qeyd etdiyim potensiala bir sübut kimi görülməlidir. İqtisadiyyatlarımız arasında mövcud olan sahələri tamamlamaq axtarışında olmaq əvəzinə, biz əməkdaşlıq üçün yeni sahələrin axtarışında daha aktiv olmalıyıq. Bu baxımdan hesab edirəm ki, Azərbaycan prezidenti tərəfindən ötən ilin dekabrında imzalanmış “milli iqtisadiyyat və aparıcı iqtisadiyyat sektorları üçün 11 strateji yol xəritəsi” gələcəkdə ikitərəfli layihələr üçün yeni impuls və ən yaxşı istiqamətləndirici ola bilər. Azərbaycanın qeyri-neft sektorunda diversifikasiya siyasəti Azərbaycana investisiya qoymaq və ticarət əlaqələri qurmaq istəyən xarici şirkətlər, o cümlədən Rumıniya şirkətləri üçün əlavə imkanlar yaradacaq. Enerji artıq bizim əməkdaşlığımızın əsas hissəsidir. Biz Azərbaycanın Avropanın enerji tələbatına cavab verməsindəki roluna böyük önəm veririk. Rumıniya Cənub Qaz Dəhlizi layihəsini həm qaz mənbələrini, həm də marşrut xətlərini diversifikasiya etməklə, Avropanın enerji təhlükəsizliyini artırmaq üçün ən uyğun variant sayır.

Bununla yanaşı, Azərbaycan və Rumıniya AGRI LNG birləşdirici xəttinin böyük dəstəkləyicisidir. Bu layihə də yuxarıda qeyd etdiyim enerji təhlükəsizliyi və diversifikasiya məsələlərinə cavab verir. AGRI layihəsinin icrası üçün Aİ tərəfindən həyata keçirilən qoşulma imkanlarını genişləndirən və Avropa enerji bazarını gücləndirən investisiyalar barədə düşünsək, daha optimal olacaq. Buna misal olaraq BRUA ( Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya) layihəsini qeyd edərdim.

Mən həmçinin SOCAR-ın Rumıniyada fəaliyyətini xatırlatmaq istərdim. Bu fəaliyyət uğurlu şəkildə artır və SOCAR-la Rumıniya enerji operatorları ilə əməkdaşlıq inkişaf edib.

Son olaraq nəqliyyat və birləşmə layihələrini qeyd etmək istəyirəm. Azərbaycan Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşir və bu kəsişmələri reallığa çevirmək istiqamətində ideyalar və layihələr irəli sürür. Rumıniyaya gəldikdə, Qara dəniz-Xəzər dənizi yük nəqliyyat dəhlizi bizim üçün hər zaman prioritet olub. Bu maraq Azərbaycanın Xəzər dənizi və Qara dəniz boyunca Şərq-Qərb dəhlizinin inkişafına ayırdığı diqqətlə çox uyğundur. Konstanta qərbi Qara dəniz sahillərində rəqabətli xidmətlər, geniş imkanlar və Danube vasitəsilə Mərkəzi Avropa bazarına ən mükəmməl çıxış təklif edən limandır. Mən məmnunluqla qeyd edirəm ki, Konstanta limanı və Beynəlxalq Bakı limanı bu məsələ ilə bağlı danışıqlar aparır.

- Mədəniyyət və təhsil sahəsində əməkdaşlıq barədə nə deyə bilərsiniz?

- Mən Bakıya daxil olduğum ilk gündən anladım ki, azərbaycanlılar və rumıniyalılar ənənələrə hörmət və mədəniyyətlərinə görə çox yaxındırlar. Məsələn, əgər siz bəzi Rumıniya musiqilərinə qulaq assanız, orada bəzi muğam çalarlarını hiss edərsiniz. Bununla yanaşı, hər iki ölkənin dulusçuluq və xalçaçılıq ənənələri var və burada da həndəsi motivlər son dərəcə oxşardır. Bütün bunlar və digər məqamlar bizi öz ölkəmizin mədəniyyətini yerli insanlara təqdim etmək üçün ruhlandırır. Martın 1-də Azərbaycanda biz Rumıniyanın milli ənənəsi olan Martişoru təqdim etdik. Bu, yazın gəlişi ilə yenilənməni və canlanmanı təmsil edir və Novruz bayramından çox da fərqlənmir. Apreldə dünyada məşhur heykəltəraşlardan olan Konstantin Brankuzinin ən məşhur əsərlərindən ibarət foto-sərgi təşkil etdik.

Təhsil sahəsində gəlincə, məmnunluqla qeyd etmək istəyirəm ki, azərbaycanlılar arasında Rumıniyada təhsil almağa maraq günbəgün artır. Azərbaycan tələbələri hər il Rumıniyanın Təhsil Nazirliyi tərəfindən təqdim edilən təqaüdlər əldə edirlər. Həmçinin Rumıniyada Aİ tərəfindən maliyyələşən “Erasmus+” proqramı çərçivəsində tələbə mübadiləsi həyata keçirən bir sıra universitetlər var. Biz azərbaycanlı həmkarlarımızla bu sahədə əlaqələri inkişaf etdirmək üzərində işləyirik və mən əminəm ki, bizim birgə səylərimiz öz bəhrəsini verəcək.

- Azərbaycanla Aİ yeni razılaşma üzrə danışıqlara başlayıblar. Azərbaycanla Aİ arasında əməkdaşlığın perspektivlərini necə görürsünüz?

- Yeni razılaşma Azərbaycanla Aİ arasında bütün sahələr üzrə əməkdaşlığa təsir edəcək və bu münasibətləri gələcəkdə daha da dərinləşdirmək və genişləndirməyə imkan yaradacaq. Hüquqi çərçivənin bu şəkildə yenilənməsi Azərbaycan və Aİ arasında əlaqələrin möhkəmlənməsi reallığına cavab verir və bunu özündə əks etdirir. Aİ artıq Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Vacib Aİ şirkətləri bu gün Azərbaycanda fəaliyyət göstərir və insanlararası münasibətlər genişlənir. Rumıniya hər zaman Azərbaycan-Aİ əlaqələrinin daha sıx və geniş olmasını dəstəkləyib. Yeni saziş üzrə danışıqlar davam etdiyi üçün mən hesab edirəm ki, biz hər iki tərəfdən hədəflərimizi daha məqsədyönlü etməliyik. Bu bizə hərtərəfli, gələcəyə köklənmiş mətn formalaşdırmağa və Aİ ilə Azərbaycan arasında böyük vədlər verən və perspektivlər açan əməkdaşlıq üçün uyğun baza yaratmağa imkan yaradar.

- Rumıniya Dağlıq Qarabağ münaqişəsinin həllini necə görür?

- Bizim Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyimiz MDB ölkələrində həlli uzanan bütün münaqişələrə münasibətimizə uyğun olaraq hər zaman açıq və sabit olub. Bu münaqişələr birbaşa təsir etdiyi ölkələrin stabilliyinə və davamlı inkişafına mane törədir. Rumıniya Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında sülh və danışıqlar yolu ilə hərtərəfli həllini dəstəkləyir. Eyni zamanda, Rumıniya bu həlli uzanan münaqişənin həlli istiqamətində fəaliyyət göstərən Minsk qrupu formatını dəstəkləməyə davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR