Apreldə Azərbaycanda icbari avtomobil sığortası üzrə 9 mln. manatdan çox vəsait toplanıb

Apreldə Azərbaycanda icbari avtomobil sığortası üzrə 9 mln. manatdan çox vəsait toplanıb
# 02 may 2012 11:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin aprel ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) müvafiq sığorta növünü aparmaq icazəsi olan 11 iştirakçısı tərəfindən icbari avtomobil sığortası üzrə 9,037 mln. manat həcmində sığorta haqqı yığılıb.

İSB-dən «APA-Economics»ə verilən məlumata görə, bu ilin mart ayı ilə müqayisədə icbari avtomobil sığortası üzrə bağlanmış müqavilələrin sayında və sığorta haqlarının həcmində 52%-dən çox artım olub.

Bununla yanaşı, apreldə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ümumilikdə 123 043 müqavilə bağlanıb ki, bunun da 18 836-sı xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzitlə daxil olan avtonəqliyyat vasitələri ilə bağlı olub və 1 ay müddətinə bağlanıb.

Xatırladaq ki, Büro ötən ilin sonundan fəaliyyət göstərir. Sığorta şirkətləri «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə xidmətlərə görə İSB-yə 200 min manat, «Sərnişinlərin icbari sığortası» növünə görə 200 min manat, «Daşınmaz əmlakın icbari sığortası» və «Daşınmaz əmlakın istismarı ilə bağlı mülkü məsuliyyətin icbari sığortası» növləri üzrə isə hər birinə 100 min manat birdəfəlik vəsait (təminat depoziti) ödəməlidir.

Hazırda İSB-yə «Paşa Sığorta», «Atəşgah Sığorta», «Standard Insurance», «AtaSığorta», «Xalq Sığorta», «AXA-Mbask», «AzSığorta», «Alfa Sığorta», «Azərsığorta», «Meqa Sığorta», «İpək Yolu Sığorta» şirkəti üzvdür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR