Azərbaycan Milli Məclisinin sədr müavini: “Avropa Parlamentinin qətnaməsi anti-Azərbaycan təbliğatından başqa bir şey deyil”

Azərbaycan Milli Məclisinin sədr müavini: “Avropa Parlamentinin qətnaməsi anti-Azərbaycan təbliğatından başqa bir şey deyil”
# 25 may 2012 14:38 (UTC +04:00)
Bu qətnamə təcili, təxirəsalınmaz keçirilən iclasda qəbul edilib. Bir ay əvvəl Bakıda “Avronest” Parlament Assambleyasının iclası zamanı insan haqları, söz azadlığı ilə bağlı məsələlərlə bağlı sənədlər qəbul olunub. Lakin bundan bir ay keçməmiş Avropa Parlamentinin 754 deputatından yalnız 56 deputatın iştirakı ilə təxirəsalınmaz toplantı təşkil edilərək 49 nəfərin lehinə səsverməsi nəticəsində Azərbaycanda insan haqlarının vəziyyətinə dair qətnamə qəbul olunub”. APA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Milli Məclisin sədr müavini Valeh Ələsgərov deyib.

V. Ələsgərov xatırladıb ki, iyunun 20-21-də Avropa Parlamenti-Azərbaycan Milli Məclisi əməkdaşlıq komitəsinin iclası keçirilməlidir: “Bu əməkdaşlıq hərtərəfli, qarşılıqlı hörmət və qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələləri əhatə etməlidir. Lakin buna baxmayaraq, Avropa Parlamentinin başqa qrupların təsiri altında olan bir qrup deputatının tələsik iclas keçirərək Azərbaycanın əleyhinə qərar qəbul etməsi bizdə dərin təəssüf hissi doğurur. Əgər bu qərar birgə komitənin iclasında, çoxluğun iştirakı ilə qəbul olunsaydı, heç bir təəssüf və təəccüb doğurmazdı. Ona görə də, hesab edirik ki, “Eurovision” mahnı müsabiqəsinin Bakıda yüksək səviyyədə təşkil olunduğu bir vaxtda belə bir qərarın qəbul olunması anti-Azərbaycan təbliğatından başqa bir şey deyil. Hamıya məlumdur ki, Azərbaycan prezidenti xalqın və millətin milli maraqlarına cavab verən müstəqil siyasət həyata keçirir. Azərbaycanın son illər əldə etdiyi uğurlar, regionda həyata keçirdiyi irimiqyaslı layihələr bəzi qüvvələrin qısqanclığına səbəb olub. Müstəqil, güclü Azərbaycanı görmək istəməyən qüvvələr məhz bu yollarla Azərbaycanın inkişafına mane olmağa, onun dünyada artan müsbət imicinə zərbə vurmaq istəyirlər. Onu da qeyd edim ki, bu cür siyasət təkcə Azərbaycana qarşı deyil, Avropaya inteqrasiya yolu tutmuş digər ölkələrə qarşı da həyata keçirilir. Bir vaxtlar Ukraynanı Avropaya ən sürətlə inteqrasiya edən ölkə adlandıranlar indi hətta orada futbol üzrə Avropa çempionatının keçirilməsinə belə etiraz edirlər”.

V. Ələsgərov qeyd edib ki, bu məsələ əməkdaşlıq komitəsinin Brüsseldə keçiriləcək iclasında qaldırılacaq və Azərbaycan nümayəndə heyəti Avropa Parlamentinin qəbul etdiyi qərara qəti etirazını bildirəcək. Milli Məclis sədrinin müavini onu da əlavə edib ki, bütün bunlara baxmayaraq, Azərbaycan Avropaya inteqrasiya, demokratik inkişaf yolundan dönməyəcək, ölkədə insan hüquqlarının müdafiəsi istiqamətində islahatlar davam etdiriləcək.

Milli Məclisin Beynəlxalq əlaqələr komitəsinin sədri Səməd Seyidov da məsləyə münasibətini ifadə edərək AP-nin qərarını qeyri-obyektiv və qərəzli adlandırıb: “Bu, Azərbaycanın Avropa Parlamenti ilə ikitərəfli münasibətlərinə xələl gətirir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra avroatlantik məkana inteqrasiya edir. Bu gün Azərbaycan 155 ölkənin səsini qazanmaqla BMT Təhlükəsizlik Şurasının tribunasından çıxış edir. Bütün bunlar güclü, müstəqil Azərbaycanı sevməyənlərin narahatlığına səbəb olur. Qeyd etməliyəm ki, əslində biz bu cür əks qüvvələrlə 2000-ci ildən üzləşmişik, lakin həmişə dözümlülük nümayiş etdirmişik, səbrlə, təmkinlə cavab vermişik. Bəzi qüvvələr hesab edirlər ki, islam və demokratiya bir-biri ilə ziddiyyət təşkil edir. Əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan Azərbaycanda demokratik cəmiyyətin inkişaf etdiyi, ailə dəyərlərinə qiymət verildiyi, müxtəlif dinlərin nümayəndələrinin birgə yaşadığı, inkişaf etdiyi təkzibolunmaz faktlardır”.

S. Seyidovun sözlərinə görə, bu gün Avropa Birliyinə üzv olan ölkələrin bir çoxunda insan haqları kobud şəkildə pozulur və elə ölkələr var ki, onlardan Avropa İnsan Haqları Məhkəməsinə ildə 7000 müraciət daxil olur. AB üzvü olmayan Azərbaycan üzrə bu rəqəm isə 1000-ə yaxındır. Bu da öz növbəsində kimin demokratik və azad cəmiyyətdə yaşadığının göstəricisidir: “Avropa Parlamentinin bu qətnaməsi bizi həmin qurumla münasibətlərə yenidən baxmağa məcbur edir”.

S. Seyidov qeyd edib ki, mayın sonlarında Parisdə AŞPA-nın monitorinq, həmçinin siyasi məsələlər və daimi komitələrinin iclasları keçiriləcək. Azərbaycan nümayəndə heyəti iclaslarda bu məsələni qaldıracaq və Avropa Parlamentinin qeyri-obyektiv qərar qəbul etdiyini onların diqqətinə çatdıracaq. S. Seyidov özü bu iclaslarda iştirak etməyəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR