Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi qaydaları və tətbiq ediləcək güzəştin həcm müəyyənləşəcək.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 66-VIIQD nömrəli Qanununun tətbiqi haqqında” Fərmanda əksini tapıb.
Nazirlər Kabineti Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi qaydasını və tətbiq ediləcək güzəştin həcmini üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Eyni zamanda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əhalinin məskunlaşdığı kənd və qəsəbə sakinlərinin kənd təsərrüfatı təyinatlı torpaqları icarəyə götürmək məqsədilə “Elektron kənd təsərrüfatı” informasiya sistemi (bundan sonra − EKTİS) vasitəsilə müraciət edə bilmələri üçün onların təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin edilməsi ilə bağlı tədbirlər görülməlidir.