Hesab edirəm ki, bu, erməni hökumətinin növbəti çirkin əməlidir. Mən bunu belə qəbul edirəm. Bu, təsadüfən baş vermiş, hansısa bir fərdin əməli deyil.
APA xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycanın Dövlət Bayrağının yandırılması ilə bağlı sualı cavablandırarkən deyib.
“Bu, Ermənistan hökumətinin növbəti çirkin əməlidir. Bunu deməyə əsas verən bir çox səbəblər var. Birincisi, bu hadisəni törədən insanabənzər məxluq Ermənistan hakim dairələrinin yüksəksəviyyəli şəxsləri ilə birbaşa təmasdadır. İkincisi, bu məxluqa heç bir cəza verilmədi, əksinə, Ermənistanda onu qəhrəmanlaşdırırlar. Guya onu saxlayıblar, ondan bir neçə dəqiqə sonra buraxıblar. Orada bir şou düzəldiblər, onu alqışlarla qarşılayıblar və bu adama qarşı heç bir cəza tədbiri, heç cərimə də tətbiq olunmayıb. Yəni, bu, nəyi göstərir?” - deyə dövlət başçısı vurğulayıb.