Dövlət Dəniz və Liman Agentliyi Azərbaycan Respublikasının ərazisində dəniz nəqliyyatı sahəsində dövlət siyasətinin formalaşmasında, həyata keçirilməsində və inkişafında iştirak edilməsi, bu sahədə tənzimləmənin və nəzarətin həyata keçirilməsi, dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz ətraf mühitinin mühafizəsi, habelə dənizçilərin hazırlanması sahəsində tədbirlərin görülməsi, dəniz limanlarında fəaliyyətin dövlət tənzimlənməsində iştirak edilməsi və dəniz üzgüçülüyünün təhlükəsizliyi ilə bağlı xidmətlər (naviqasiya və mayak, bələdçi, kanal, lövbər və gəmi yığımı) göstərilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsində əksini tapıb.
Agentlik Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat tabeliyində fəaliyyət göstərir.
Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
- müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;
- müvafiq sahənin inkişafını təmin etmək;
- müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
- müvafiq sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə zəruri tədbirlər görmək;
- Azərbaycan Respublikasının ərazi sularında, həmçinin liman akvatoriyasında dəniz üzgüçülüyünün təhlükəsizlik sistemini təşkil etmək və onun fəaliyyətini təmin etmək üçün zəruri tədbirlər görmək;
- Azərbaycan Respublikasının ərazisində liman nəzarətinin və Azərbaycan Respublikasının Dövlət Bayrağı altında üzən gəmilərə münasibətdə bayraq nəzarətinin həyata keçirilməsi məqsədilə tədbirlər görmək;
- Azərbaycan Respublikasının dəniz limanlarında dövlət nəzarətini həyata keçirmək və limanda nizam-intizamın təmin edilməsi məqsədilə tədbirlər görmək;
- Azərbaycan Respublikasının dəniz limanlarının rəqabətqabiliyyətli fəaliyyətinin stimullaşdırılması və onların fəaliyyətinin optimallaşdırılması istiqamətində tədbirlər görmək;
- dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz ətraf mühitinin mühafizəsi ilə bağlı tədbirlər görmək;
- Azərbaycan Respublikasının ərazisində dəniz naviqasiya avadanlıqlarının və qurğularının quraşdırılması, habelə onlara texniki xidmət göstərilməsi üçün tədbirlər görmək;
- “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dəniz üzgüçülüyünün təhlükəsizliyi ilə bağlı xidmətlər (naviqasiya və mayak, bələdçi, kanal, lövbər və gəmi yığımı) göstərmək;
- müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi, habelə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə müvafiq tədbirlər görmək, innovativ ideya və layihələri dəstəkləmək;
- bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.