Müvafiq icra hakimiyyəti orqanına aid hərbi hissələrin və hərbi idarələrin ərazisində həmin orqanın hərbi qulluqçuları tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə müvafiq icra hakimiyyəti orqanının təhqiqatçıları tərəfindən məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat aparılacaq.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Cinayət-Prosessual Məcəlləsinə əlavə edilən yeni - 214.4-1-ci maddədə əksini tapıb.
Bununla əlaqədar hərbi məhkəmələrin baxdığı işlər siyahısına məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallar daxil edilib.
Fərmana əsasən, Nazirlər Kabineti böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın açılması və aparılması qaydalarının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.