Qazaxıstan və Azərbaycan bir-birinə yaxın dövlətlərdir, biz strateji tərəfdaşlarıq, müttəfiqlərik
APA xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşdə deyib.
Qazaxıstan Prezidenti ölkələrimiz arasında strateji tərəfdaşlığın və müttəfiqlik qarşılıqlı münasibətlərinin dərinləşməsi haqqında Bəyannamə imzalanacağını deyib.
“Əziz həmkarlar, ilk növbədə, gözəl, bənzərsiz Bakı şəhərinə, - biz Xəzərin mənzərələrinə tamaşa etdik, - səfərə dəvətə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istərdim.
Məhdud tərkibdə görüşdən tamamilə məmnunam. Biz bu görüşdə əməkdaşlığın müxtəlif sahələrində dövlətlərimizin qarşılıqlı fəaliyyətinin demək olar bütün məsələlərinə dair ətraflı fikir mübadiləsi apardıq. Qazaxıstan və Azərbaycan bir-birinə yaxın dövlətlərdir, biz strateji tərəfdaşlarıq, müttəfiqlərik. Sevindirici haldır ki, bu gün ölkələrimiz arasında strateji tərəfdaşlığın və müttəfiqlik qarşılıqlı münasibətlərinin dərinləşməsi haqqında Bəyannamə imzalanacaq”, - deyib.