Nazirlər Kabineti tərəfindən müvafiq sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən dövlət orqanına (qurumuna) normativ hüquqi akt layihəsinin hazırlanması tapşırıldıqda, tapşırıqda icra müddəti qeyd edilməklə, həmin dövlət orqanı (qurumu) əsas icraçı kimi müəyyən olunmalı və layihənin razılaşdırılması vacib olan digər dövlət orqanları (qurumları) göstərilməlidir.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”də əksini tapıb.
Əsasnaməyə əsasən, normativ hüquqi akt layihəsinin hazırlanmasına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığında əsas icraçı qismində müəyyən olunan dövlət orqanının (qurumunun) rəhbəri əsas icraçının və (və ya) tapşırığın dəyişdirilməsi məqsədilə Azərbaycan Respublikasının Baş nazirinə müraciət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığının icra müddətinin ilk üçdə bir hissəsi ərzində (bu Əsasnamənin 2.8-ci bəndi nəzərə alınmaqla) əsas icraçı tərəfindən müvafiq normativ hüquqi akt layihəsi hazırlanmalı və razılaşdırılmaq üçün aidiyyəti dövlət orqanlarına (qurumlarına) göndərilməlidir. Tapşırığın icra müddətinin qalan hissəsində normativ hüquqi akt layihəsi bu Əsasnamənin tələbləri nəzərə alınmaqla razılaşdırılmalı və Nazirlər Kabinetinə təqdim olunmalıdır. Normativ hüquqi akt layihəsinin hazırlanması ilə bağlı tapşırığın müəyyən olunmuş müddətdə icrası mümkün olmadıqda, tapşırığı icra edən bunun səbəbləri və tapşırığın icra tarixini göstərməklə, yuxarı dövlət orqanına tapşırığın icrasının başaçatma tarixindən azı 7 (yeddi) iş günü əvvəl məlumat verməlidir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Nazirlər Kabinetinə normativ hüquqi akt layihəsinin hazırlanması və ya yenidən işlənilməsi ilə bağlı göndərilən təklifə, həmçinin baxılması (münasibət bildirilməsi) üçün göndərilən normativ hüquqi akt layihəsinə ən geci 3 (üç) ay müddətində, əlavə araşdırma tələb olunduqda isə 6 (altı) aydan gec olmayaraq baxılmalıdır (münasibət bildirilməlidir). Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin məktubunda normativ hüquqi akt layihəsinin hazırlanması və ya yenidən işlənilməsi, habelə normativ hüquqi akt layihəsinə baxılması (münasibət bildirilməsi) üçün daha qısa müddət müəyyən edilə bilər.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Nazirlər Kabinetinə icra hakimiyyəti orqanlarının təsdiq edilmiş (qüvvəyə minmiş) normativ hüquqi aktlarının təkmilləşdirilməsi, aşkar edilmiş boşluqların, ziddiyyətlərin və digər nöqsanların aradan qaldırılması ilə bağlı göndərilən təkliflər nəzərə alınmalı və ən geci 1 (bir) ay müddətində müvafiq normativ hüquqi aktlarda dəyişiklik edilməsi və ya onların ləğv edilməsi ilə bağlı tədbirlər görülməli, nəticəsinə dair məlumat, təkliflərin nəzərə alınması mümkün olmadıqda isə bu barədə əsaslandırılmış cavab məktubu Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməlidir.