Dövlət orqanlarının (qurumlarının) “Normativ hüquqi aktlar” informasiya sistemindən istifadəsi onların elektron kabinetləri vasitəsilə təmin ediləcək.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Normativ hüquqi aktlar” informasiya sistemi haqqında Əsasnamə”də əksini tapıb.
Əsasnaməyə görə, bunun üçün hər bir dövlət orqanının (qurumunun) möhür hüquqlu və təkmil sertifikatlı gücləndirilmiş elektron imzası olan rəhbər vəzifəli şəxsi tərəfindən məsul struktur bölməsinin əməkdaşı Sistemdə qeydiyyatdan keçirilir və Vahid Giriş Sistemi vasitəsilə identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetinə daxil olaraq Sistemdən istifadə edir. Sistemdə normativ hüquqi akt layihələrinin hazırlanması, digər dövlət orqanları (qurumları) ilə razılaşdırılması və yuxarı orqanlara təqdim olunması ilə bağlı proseslər icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında əsasnaməyə uyğun olaraq təşkil edilir. Normativ hüquqi akt layihələrinin hazırlanması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin aktlarında nəzərdə tutulan tapşırıqlar Sistemə “Dövlət Nəzarəti İnformasiya Sistemi” ilə inteqrasiya olunmaqla daxil edilir.
Tapşırığın icraçısı, o cümlədən əsas icraçısı Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edildikdə, habelə Azərbaycan Respublikasının Konstitusiya qanunu və ya qanunu daxil olduqda, bununla bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilən sərəncamda nəzərdə tutulan tapşırıqlar Sistemə daxil edilir. Bu zaman sərəncamın adı, növü, nömrəsi, tapşırığı nəzərdə tutan struktur elementi, tapşırığın məzmunu, icra müddəti, əsas və digər icraçıları qeyd edilir, icrasının təmin edilməsi məqsədilə qəbul edildiyi Azərbaycan Respublikasının Konstitusiya qanunu, qanunu və ya Azərbaycan Respublikası Prezidentinin aktı ilə əlaqələndirilir, olduğu təqdirdə qeydlər əlavə edilir, habelə sərəncamın surəti yüklənilir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetində keçirilən iclasın nəticələrinə əsasən Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidenti və Nazirlər Kabinetinin aktları layihələrinin təkmilləşdirilməsi zərurəti yarandıqda, həmin layihələrin hazırlanması barədə tapşırıqlar və keçirilmiş iclasın protokolu da Sistemə daxil edilir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Azərbaycan Respublikasının Nazirlər Kabinetinə normativ hüquqi akt layihələrinin hazırlanması və ya yenidən işlənilməsi ilə əlaqədar göndərilən təklif, həmçinin baxılması (münasibət bildirilməsi) üçün göndərilən normativ hüquqi akt layihəsi ilə bağlı, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında normativ hüquqi akt layihələrinin hazırlanması barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən tapşırıq verilməsi də Sistem vasitəsilə təmin edilir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti və digər dövlət orqanları (qurumları) tərəfindən hazırlanmış normativ hüquqi aktların layihələri (əldə olunması qanunla məhdudlaşdırılan informasiyaları əks etdirən layihələr istisna olmaqla) razılaşdırılmağa göndərildiyi andan EHİS-də, lisenziya və icazə verən orqanların hazırladığı sahibkarlıq sahəsinə aid normativ hüquqi aktların layihələri həmçinin “Lisenziyalar və icazələr” portalında yerləşdirilir. Bu zaman Sistemdə elektron kabinet vasitəsilə EHİS-ə və “Lisenziyalar və icazələr” portalına keçid edilərək, layihə üzrə tələb edilən məlumatlar həmin informasiya sisteminə (portala) daxil olunur. Dövlət orqanlarının (qurumlarının) təşəbbüsü əsasında hazırlanan normativ hüquqi akt layihələri də, icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında əsasnamənin tələbləri nəzərə alınmaqla, Sistem vasitəsilə hazırlanır, razılaşdırılır və yuxarı orqanlara təqdim edilir.
Normativ hüquqi akt layihəsi dövlət orqanlarının (qurumlarının) təşəbbüsü əsasında hazırlandıqda, təşəbbüs göstərən dövlət orqanı (qurumu) razılaşdırma müddətini və razılaşdırılacaq aidiyyəti dövlət orqanlarını (qurumlarını) seçməklə, habelə zəruri hesab etdiyi sənədləri əlavə etməklə layihəni Sistem vasitəsilə münasibət bildirilməsi üçün göndərir. Həmin normativ hüquqi akt layihələrinin razılaşdırılması, habelə EHİS-də və “Lisenziyalar və icazələr” portalında yerləşdirilməsi bu Əsasnamədə müəyyən edilmiş qaydada həyata keçirilir.
Mərkəzi icra hakimiyyəti orqanları özlərinin qəbul etməli olduğu normativ hüquqi aktların layihələrinin digər dövlət orqanları (qurumları) ilə razılaşdırılmasını Sistem vasitəsilə həyata keçirirlər. Bu zaman mərkəzi icra hakimiyyəti orqanları razılaşdırılma müddətini və razılaşdırılacaq aidiyyəti dövlət orqanlarını (qurumlarını) seçməklə, habelə zəruri hesab etdikləri sənədləri əlavə etməklə layihələri Sistem vasitəsilə münasibət bildirilməsi üçün aidiyyəti dövlət orqanlarına (qurumlarına) göndərirlər. Həmin normativ hüquqi akt layihələrinin razılaşdırılması, EHİS-də və “Lisenziyalar və icazələr” portalında yerləşdirilməsi bu Əsasnamənin 9.7-ci bəndi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
Mərkəzi icra hakimiyyəti orqanlarının bu Əsasnaməyə uyğun olaraq razılaşdırıldıqdan sonra qəbul olunan normativ hüquqi aktları Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”də nəzərdə tutulan sənədlərlə birlikdə Hüquqi Aktların Dövlət Reyestrinə daxil olunması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilir. Normativ hüquqi aktların layihələrini əsas icraçı olan dövlət orqanı (qurumu), vizalanma müddətini və viza verəcək aidiyyəti dövlət orqanlarını (qurumlarını) qeyd etməklə, vizalanması üçün Sistem vasitəsilə digər icraçı dövlət orqanlarına (qurumlarına) göndərir. Normativ hüquqi aktların layihələrinə Sistemdə təkmil sertifikatlı gücləndirilmiş elektron imza vasitəsilə viza verilir.
Razılaşdırılma və ya vizalanma müddəti başa çatdıqda, layihəyə irad və təkliflərini bildirməyən və ya viza verməyən dövlət orqanının (qurumunun) elektron kabinetinə layihənin həmin dövlət orqanı (qurumu) ilə razılaşdırılmış və ya vizalanmış hesab edildiyi barədə Sistem tərəfindən dərhal məlumat göndərilir və konkret tapşırıq üzrə layihəyə irad, təklif və ya viza verilməsi imkanı məhdudlaşdırılır, habelə layihənin avtomatik olaraq razılaşdırıldığı dövlət orqanları (qurumları) barədə əsas icraçı dövlət orqanının (qurumunun) elektron kabinetinə məlumat göndərilir. Normativ hüquqi akt layihələri ilə bağlı işlər yekunlaşdıqdan sonra layihələr Sistem vasitəsilə aidiyyəti üzrə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və ya Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilir.