“Təbii ki, istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir”.
APA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir:
“İndi Azərbaycanın beynəlxalq arenada oynadığı rol da, həmçinin bizim daxili siyasətimiz sayəsində əmələ gəlmişdir. Çünki güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və hökumət siyasətimizin proqnozlaşdırılması - bütün bu amillər körpülərin və mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb.
Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat - bütün bu amillər çox vacibdir. Bununla yanaşı, Orta Dəhlizin bir hissəsi olan hər bir ölkənin daxildə etdikləri də vacibdir. Başqa sözlə desək, fiziki nəqliyyat və logistika infrastrukturunu yaratmaq üçün onlara aid ev tapşırığının yerinə yetirilməsi səviyyəsinin nə yerdə olması da vacibdir”.