“Bəzi ölkələr və bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Biz bunu alqışlayırıq”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında deyib.
“Əgər bu birtərəfli və qərəzli deyilsə, əlbəttə ki, istənilən vasitəçiliyi və yardımı biz qəbul edirik. Ancaq mənim fikrimcə, ən düzgün seçim - həm tarixi əlaqələri, həm coğrafi faktoru nəzərə alaraq - əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi. Və mən cənab Baş nazirə minnətdaram, o da bu sahədə mümkün olan vasitəçilik imkanlarını ortaya qoyur. Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik. Əgər Ermənistan tərəfdən də razılıq olarsa, bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm də üçtərəfli görüşə gələ bilərlər” , - dövlət başçısı əlavə edib.