Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Həcc və Ümrə nazirini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Həcc və Ümrə nazirini qəbul edib - YENİLƏNİB
# 27 fevral 2024 12:41 (UTC +04:00)

Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiəni qəbul edib.

APA xəbər verir ki, Taufiq bin Fauzən Əl Rabiə İlham Əliyevi prezident seçkilərində qələbəsi və Azərbaycan torpaqlarının işğaldan azad olunması münasibətilə təbrik edib.

Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib.

Qonaq əvvəl çalışdığı vəzifələrdə də ölkəmizə səfər etdiyini xatırladaraq son dövrlərdə Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında bütün sahələrdə olduğu kimi turizm sahəsində də əməkdaşlığın genişlənməsini və qarşılıqlı turist səfərlərinin artmasını məmnunluqla qeyd edib, uçuş reyslərində olan dinamikanı müsbət qiymətləndirib.

Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanı Krallığının vətəndaşlarına münasibətdə vizaların verilməsi prosesinin asanlaşdırılmasının turizm sahəsində əməkdaşlığa ciddi təkan verdiyini deyən Taufiq bin Fauzən Əl Rabiə ölkəsinin də Azərbaycan vətəndaşlarına vizaların verilməsi prosesinin sadələşdirilməsi istiqamətində addımlar atdığını diqqətə çatdırıb.

Qonaq “Expo-2030”un və 2034-cü ildə futbol üzrə dünya çempionatının Səudiyyə Ərəbistanında keçirilməsi ilə bağlı Azərbaycanın verdiyi dəstəyə görə bir daha təşəkkürünü bildirib.

Prezident İlham Əliyev ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərindən məmnunluğunu ifadə edib.

Dövlət başçısı Səudiyyə Ərəbistanı Krallığının İslam həmrəyliyi prinsipindən çıxış edərək Azərbaycan torpaqlarının işğalı dövründə Ermənistan ilə diplomatik əlaqələr qurmamasını xatırladaraq, İslam dünyasında Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın bu cür ədalətli mövqedən çıxış etməsinin Azərbaycan xalqı və dövləti tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Prezident İlham Əliyev hazırda Qarabağda aparılan bərpa-quruculuq işlərini qeyd edib və Böyük qayıdış layihəsinin həyata keçirildiyini bildirib.

Azərbaycanda Səudiyyə Ərəbistandan olan turistlərin sayının artmasındakı müsbət dinamikaya toxunan dövlət başçısı turistlərin sayı ilə bağlı COVID-19 pandemiyasından əvvəlki rəqəmlərə çatmağın vacibliyini vurğulayıb və bu istiqamətdə böyük potensialın olduğunu deyib.

Görüşdə Azərbaycanda və Səudiyyə Ərəbistanında ölkələrimizin iqtisadi, investisiya, turizm və digər potensialını əks etdirən sərgilərin təşkilinin vacibliyi bildirilib, hökumətlərarası komissiyanın fəaliyyəti qeyd edilib.

Həm Azərbaycanda, həm də Səudiyyə Ərəbistanında urban inkişaf üzrə çox böyük layihələrin həyata keçirildiyi bildirilərək bu sahədə də əməkdaşlığın vacibliyi vurğulanıb.

Sonda qonaq dövlət başçısına xatirə hədiyyəsi təqdim edib.

***

10:36

Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiəni qəbul edib.

APA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR