Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının İnsan Resursları və Sosial İnkişaf Nazirliyi arasında əmək sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında" fərman imzalayıb.
APA xəbər verir ki, fərmana əsasən, 2021-ci il iyulun 13-də Bakı və Ər-Riyad şəhərlərində imzalanmış Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Səudiyyə Ərəbistanı Krallığı Hökumətinə bildiriş göndərməlidir.