Bank Of Baku

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində Müşahidə Şurası yaradılır

# 21 oktyabr 2022 14:11 (UTC +04:00)

Prezident İlham Əliyev Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi və “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

APA xəbər verir ki, Fərmanla müəyyən edilib ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası yaradılır.

Azərbaycan Prezidenti Müşahidə Şurasının üzvlərini vəzifəyə təyin və vəzifədən azad edəcək.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinə cari rəhbərliyi İdarənin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirəcək.

Bundan əvvəl İdarənin fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün 3 üzvdən – sədr və onun 2 müavinindən ibarət İdarə Heyəti yaradılmışdı.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsinin İdarənin fəaliyyətinə nəzarəti həyata keçirməsi səlahiyyəti də ləğv olunub.

Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərəcək.

Şuranın vəzifələri aşağıdakılardır:

- təsisçi səlahiyyətlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təkliflər vermək və müvafiq sənədlər (o cümlədən İdarənin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;

- İdarənin inkişaf istiqamətlərini, strateji məqsədlərini və planlarını müəyyən etmək;

- İdarənin fəaliyyətinə nəzarət etmək;

- Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla İdarənin strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini təsdiq etmək, o cümlədən İdarənin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;

- İdarənin təsərrüfat cəmiyyətlərinin yaradılması və onlarda iştirak barədə, həmçinin İdarənin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;

- İdarənin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək;

- İdarənin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə İdarənin idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;

- İcraçı direktorun fəaliyyətinə nəzarət etmək və onun fəaliyyətini yoxlamaq;

- Şura üzvlərinin və İcraçı direktorun müraciətlərinə baxmaq və qərar qəbul etmək;

- İdarənin fəaliyyətinə dair illik hesabatı dinləmək;

- İdarənin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;

- kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;

- İdarədə daxili audit bölməsinin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

- İdarənin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri İdarənin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

- bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

Şuranın sədri rübdə azı bir dəfə Şuranın iclaslarını çağırır və iclaslara sədrlik edir. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya İcraçı direktor çıxış edir. Şuranın iclasları Şura üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir. Şuranın üzvlərinə, İcraçı direktora və Şuranın iclaslarına dəvət olunan şəxslərə Şuranın iclaslarının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir. Şuranın iclasında İcraçı direktor da iştirak edə bilər. İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir. Şuranın katibini Şuranın sədri Şura üzvü olmayan əməkdaşlar sırasından təyin edir və katib Şuranın sədrinə hesabat verir.

Şuranın sədri:

- Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir, habelə özünün və İcraçı direktorun qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

- Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;

- öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün və ya İcraçı direktorun xahişi əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;

- Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.

Şura sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə Şuranın üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.

İdarənin cari fəaliyyətinə rəhbərliyi İcraçı direktor həyata keçirir. İcraçı direktor Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. İcraçı direktorun Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır. İcraçı direktor müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə müavinlərindən biri icra edir.

İcraçı direktorun vəzifələri aşağıdakılardır:

- İdarənin fəaliyyətini təşkil etmək;

- bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün Şuraya təkliflər vermək və sənədlər təqdim etmək;

- Şuranın qərarlarını icra etmək;

- aidiyyəti şəxslə dəyəri İdarənin aktivlərinin 5 (beş) faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

- İdarənin strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;

- vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

- cari və operativ məsələlər barədə Şuranı məlumatlandırmaq;

- İdarənin cari fəaliyyətinə rəhbərlik etmək və onu təmsil etmək;

- İdarənin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər vermək;

- İdarənin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil etmək, yoxlamaq və buna nəzarəti həyata keçirmək;

- özünün və İdarənin struktur bölmələrinin qanunvericiliyə zidd olan qərarlarını ləğv etmək;

- müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində İdarənin Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq etmək;

- İdarənin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil etmək;

- bu Nizamnamədə müəyyən edilmiş hallar istisna olmaqla, İdarənin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul etmək;

- İdarənin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət etmək;

- bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində İdarənin adından əməliyyatlar aparmaq, müqavilələr bağlamaq və onların yerinə yetirilməsini təmin etmək;

- İdarənin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaratmaq;

- . İdarənin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görmək;

- İdarədə kargüzarlıq və arxiv işinin aparılmasını təmin etmək;

- . İdarədə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin etmək;

- Şuranın səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR