Bank Of Baku

Azərbaycan hökuməti «Gəncə Mənzil Tikinti» ASC-ni satışa çıxarıb

Azərbaycan hökuməti «Gəncə Mənzil Tikinti» ASC-ni satışa çıxarıb
# 18 fevral 2009 07:22 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi «Gəncə Mənzil Tikinti» ASC-nin 99,96% səhmlərin satışı üzrə investisiya müsabiqəsi elan edib. Bu barədə «APA-Economics»ə Dövlət Komitəsindən məlumat verilib.
Dəmir-beton məmulatlarının istehsalı və tikinti-quraşdırma işləri ilə məşğul olan bu müəssisənin nominal dəyəri 2 manat təşkil edən 1 348 054 səhminin satışı üzrə müsabiqədə həm yerli, həm də xarici investorlar iştirak edə bilər. Müsabiqə iştirakçılarının hazırladıqları investisiya proqramına səhmdar cəmiyyətinin gələcək fəaliyyət növündən asılı olaraq yeni avadanlıqlar və texnikanın alınması, yeni iş yerlərinin açılması və işçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təkliflər daxil edilməlidir. Həmçinin, proqramda bu məqsədlərə ayrılacaq investisiyaların ehtimal olunan həcmi və konkret müddəti də qeyd olunmalıdır.
Müsabiqədə qalib gələcək investor səhmlərə görə dövlət büdcəsinə ən azı 850 min manat və 40 min özəlləşdirmə çeki silinmək üçün Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə təqdim etməlidir. Qeyri-rezident iştirakçılar isə qalib gəldikləri təqdirdə analoji sayda özəlləşdirmə opsionları təqdim etməlidir.
Müsabiqə üzrə təkliflər bu ilin martın 13-dək qəbul olunacaq və müvafiq təkliflər martın 17-dən etibarən qiymətləndiriləcək. Qaliblə səhmlərin alqı-satqısı üzrə müqaviləsi müsabiqənin nəticələri təsdiqlənəndən 30 gün sonra 3 günə imzalanmalıdır. Saziş imzalandıqdan sonra isə qalib 60 gün ərzində səhmlərə görə bəyan etdiyi investisiyaların ümumi həcminin 5%-ni «Gəncə Mənzil Tikinti» Səhmdar Cəmiyyətinin hesabına köçürməlidir.
Qeyd edək ki, 1979-cu ildən Gəncə şəhərində «Gəncə Mənzil Tikinti» ASC-də hazırda cəmi 7 nəfər çalışır. Bu ilin əvvəlinə səhmdar cəmiyyətinin öhdəlikləri 211 287 manat, debitor borcları isə 248 948 manat, nizamnamə kapitalı 2 697 092 min manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR