Bank Of Baku

Bakıda Azərbaycan-Belarus biznes-forumu işə başlayıb

Bakıda Azərbaycan-Belarus biznes-forumu işə başlayıb
# 24 fevral 2009 10:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Minsk vilayətinin nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Bakıda Azərbaycan-Belarus biznes-forumu keçirilir.
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Minsk vilayətinin qubernatoru Leonid Krupets vilayətin iqtisadiyyatı haqqında ətraflı məlumat verib və qeyd edib ki, Minskdə istehsal olunan məhsulların Azərbaycana gətirilməsi, həmçinin Azərbaycana investisiyaların yatırılması imkanları öyrənilir: «Biz ümid edirik ki, səfər çərçivəsində Azərbaycanda yeni tərəfdaşlar tapıb, onlarla əməkdaşlıq edəcəyik».
Biznes-forumda çıxış edən Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov ölkənin iqtisadi inkişafından danışıb və bildirib ki, hazırda dünyada müşahidə olunan maliyyə böhranı bir sıra ölkəyə ciddi təsir etsə də, Azərbaycan özü topladığı vəsait hesabına böhran şəraitinə tab gətirə biləcək.
«Ötən il ərzində iki ölkə arasında ticarət dövriyyəsi 100 mln. ABŞ dollarından artıq olub. Lakin bu rəqəmin artırılması üçün geniş potensial var. Belə ki, Azərbaycan öz məhsullarını Belarusa mərkəzləşdirilmiş şəkildə ixrac etməkdə maraqlıdır», - deyə M.Cabbarov bildirib.
Nazir müavini həmçinin qeyd edib ki, Azərbaycan sahibkarlarına dövlət tərəfindən lazımi dəstək və yardım ediləcək.
Tədbirdə çıxış edən Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç isə bildirib ki, hazırda Belarus Azərbaycan məhsullarını birbaşa ala bilmir və yaxın gələcəkdə iki ölkə tərəfindən əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində ciddi işlərin görülməsi nəzərdə tutulur.
Qeyd edək ki, biznes-forumun açılış mərasimindən sonra iki ölkənin sahibkarları arasında işgüzar görüşlər keçirilib. Tədbirdə Belarusun süd və süd məhsulları, təbii şirələr, kolbasa məmulatları, konfet və şirniyyat, toxuculuq, traktor və kənd təsərrüfatı avadanlıqları və bir sıra digər məhsulları istehsal edən şirkətlərin nümayəndələri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR