Bank Of Baku

İqtisadi Tədqiqatlar Mərkəzi daha bir sorğunun nəticələrini açıqlayıb

İqtisadi Tədqiqatlar Mərkəzi daha bir sorğunun nəticələrini açıqlayıb
# 24 fevral 2009 10:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) «Korporativ sosial məsuliyyətə dair fəaliyyətin ölçülməsi və hesabatlılığı Layihəsi» çərçivəsində apardığı sorğunun nəticələri ilə bağlı yekun konfrans keçirib. «APA-Economics»in məlumatına görə, tədbirdə layihənin əlaqələndiricisi Tural Məmmədov şirkətlər və biznes strukturları arasında keçirilən sorğunun nəticələrini açıqlayıb.
T.Məmmədovun sözlərinə görə, sorğu 100 iri biznes strukturu arasında respondentlərin təsadüfi seçimi yolu ilə aparılmaqla anonim şəkildə keçirilib. Bu şirkətlərdən cəmi 38-i İTM-ə cavab məktubu göndərib və bunlardan biri sorğudan imtina edib, 37-si isə sorğu anketinə cavab verib.
Sorğunun nəticələrinə əsasən, orta və iri şirkətlər sosial sərmayə proqramları həyata keçirir və bu istiqamətdə gənclərlə iş və humanitar məqsədlərə daha çox üstünlük verilir. Həmçinin, yerli şirkətlər korporativ sosial məsuliyyət siyasətində əsasən Qərb ölkələrinin təcrübələrinə müraciət edir.
T.Məmmədov onu da bildirib ki, Azərbaycanda korporativ sosial məsuliyyətlə bağlı fəaliyyətin tənzimlənməsi üçün normativ hüquqi baza zəifdir. Şirkətlər yalnız özlərinin şirkətdaxili normativ aktlarına uyğun olaraq bu istiqamətdə fəaliyyət həyata keçirir: «Ölkədə uzunmüddətli dövr üçün əhəmiyyət kəsb edən və davamlı inkişafa yönələn iqtisadi, ekoloji və sosial proqramlar deyil, əsasən qısamüddətli və birdəfəlik tədbirlərin dəstəklənməsi ilə bağlı proqramlar həyata keçirilir. Eyni zamanda dövlətin vergi və maliyyə-kredit siyasəti bu istiqamətdə fəaliyyətləri stimullaşdırmadığına görə, biznes icmaların sosial sərmayələrin artırılmasına kommersiya marağı təmin edilmir».
Qeyd edək ki, sorğuda əksər şirkətlərdə sosial hesabatların açıqlanması istiqamətində müəyyən problemlər mövcuddur. Bu cür şirkətlərdə sosial hesabatların hazırlanması sahəsində ayrıca qrup fəaliyyət göstərmir.
Xatırladaq ki, layihə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilib. Layihənin icrasına ötən ilin avqust ayından başlanılıb və bu ilin fevral ayının 26-da başa çatdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR