Bank Of Baku

Bakıda Azərbaycan Sahibkarlar Konfederasiyasının növbəti qurultayı keçirilib

Bakıda Azərbaycan Sahibkarlar Konfederasiyasının növbəti qurultayı keçirilib
# 30 aprel 2009 13:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) II Qurultayı keçirilib.
«APA-Economics»in məlumatına görə, tədbirin açılış mərasimində iştirak edən iqtisadi inkişaf naziri Şahin Mustafayev ölkənin iqtisadi inkişafından danışıb. Nazir qeyd edib ki, hazırda Milli Məclisdə müzakirə olunan Rəqabət Məcəlləsinin qəbulu ölkənin iqtisadi inkişafına müsbət təsir göstərəcək. Sahibkarlığın iqtisadiyyatda mühüm rol oynadığını bildirən nazir həmçinin qeyd edib ki, hazırda ölkədə 88 min hüquqi və 280 min fiziki şəxs sahibkarlıqla məşğuldur: «Cari ilin ilk rübü ərzində 99,5%-i ölkə regionunda olmaqla 9,7 mln. manatlıq investisiya layihəsi maliyyələşdirilib və təkcə aprel ayı ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ölkənin iş adamlarına 10 mln. manat həcmində güzəştli kreditlər verilib».
Nazir onu da bildirib ki, verilmiş kreditlərin həcmi 2 dəfə, investisiya layihələrinin sayı isə 3,6 dəfə artıb. Ş.Mustafayevin sözlərinə görə, cari ilin birinci rübündə sahibkarlığın inkişafı nəticəsində ölkənin qeyri-neft sektoru 14% artıb: «Ümumiyyətlə isə, özəl sektorun ümumi daxili məhsuldakı (ÜDM) payı 85% təşkil edir».
Tədbirdə çıxış edən Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, ölkədə ÜDM-in 80%-i sahibkarlar və özəl sektor tərəfindən yaradılır. Hazırda Milli Məclisdə Rəqabət Məcəlləsinin hazırlanması ilə bağlı işin aparıldığını bildirən Z.Səmədzadə qeyd edib ki, Azərbaycan rəqabətə davamlı məhsul istehsal etməlidir.
Qurultayda çıxış edən Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə Azərbaycanda sahibkarlığın dəstəklənməsinə, əsasən də kiçik və orta sahibkarlığın inkişafına yardım göstərməsinə böyük ehtiyac olduğunu bildirib.
Qeyd edək ki, Qurultayda ASK-nın 2005-2009-cu illər üçün fəaliyyətinin hesabatı, nəzarət-təftiş komissiyasının hesabatı dinlənilib. Bundan başqa, ASK-nın İdarə Heyətinin, Rəyasət Heyətinin yeni tərkibi, prezidenti və vitse-prezidenti təsdiq olunub. Səsvermənin nəticələrinə əsasən, Ələkbər Məmmədov yenidən ASK-nın prezidenti seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR