Bank Of Baku

Bakıda Azərbaycan-Yunanıstan biznes-forumu keçirilib

Bakıda Azərbaycan-Yunanıstan biznes-forumu keçirilib
# 12 may 2009 14:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan-Yunanıstan biznes-forumu keçirilib. «APA-Aconomics»in məlumatına görə, biznes-forum Yunanıstanın xarici işlər naziri Miltiadis Varvitsiotisin Azərbaycana rəsmi səfəri çərçivəsində təşkil olunub.
Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri Samir Vəliyev Azərbaycanın iqtisadi inkişafından danışıb və qeyd edib ki, son 5 il ərzində ölkədə ÜDM-in həcmi 2,6 dəfə, sənaye istehsalı 2,5 dəfə, əhalinin gəlirləri 2,4 dəfə artıb, yoxsulluq səviyyəsi isə 3 dəfə azalaraq 13,2%-ə düşüb. S.Vəliyev onu da bildirib ki, son 5 il ərzində Azərbaycana 60 mlrd. ABŞ dolları həcmində investisiya yatırılıb və onun əsas hissəsi xarici investisiyaların payına düşür: «Hazırda Azərbaycanın 140 ölkə ilə ticarət əlaqəsi var və 2008-ci ildə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsi 55 mlrd. dollar təşkil edib».
S.Vəliyev həmçinin qeyd edib ki, 2008-ci il ərzində Azərbaycanla Yunanıstan arasında ticarət dövriyyəsi 247 mln. dollar təşkil edib, bu isə 2007-ci illə müqayisədə 2 dəfə çoxdur.
Tədbirdə çıxış edən M.Varvitsiotis isə öz növbəsində Azərbaycan və Yunanıstanı qlobal maliyyə böhranından az zərər çəkmiş ölkələr olduğunu bildirib və qeyd edib ki, hər iki ölkə tikinti, turizm, qida sənayesi kimi sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir. Bundan başqa, M.Varvitsiotis azərbaycanlı iş adamlarını da Yunanıstana investisiya yatırmağa çağırıb.
Biznes-forumun açılış mərasimində çıxış edən Azərbaycanın sənaye və energetika nazirinin müavini Gülməmməd Camalov bildirib ki, Azərbaycan alternativ enerjinin tətbiqi sahəsində Yunanıstanın təcrübəsindən istifadə etməlidir və ümumiyyətlə, hər iki ölkə iqtisadiyyatın bir çox sahələrində əməkdaşlığı genişləndirməlidir.
Qeyd edək ki, tədbirdə daşınmaz əmlak, qida sənayesi, əczaçılıq, tikinti, maliyyə, kənd təsərrüfatı, turizm və digər sahələrdə fəaliyyət göstərən Yunanıstanın 35, Azərbaycanın isə 100-ə yaxın şirkətinin nümayəndələri iştirak edib. Forum çərçivəsində yunan və azərbaycanlı sahibkarlar arasında ikitərəfli görüşlər də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR