Bank Of Baku

Dağlıq Şirvan iqtisadi rayonunun sahibkarlarına güzəştli kreditlər verilib

Dağlıq Şirvan iqtisadi rayonunun sahibkarlarına güzəştli kreditlər verilib
# 22 may 2009 13:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün İsmayıllıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə İsmayıllının İvanovka qəsəbəsində tikilən «Eviar» MMC-nin çörək zavodunun tikintisi ilə tanış olublar. Ümumi dəyəri 2 mln. manat olan zavod fəaliyyətə başladıqdan sonra ildə 6 min ton müxtəlif çeşidli çörək və un məmulatları istehsal edəcək. Müasir avadanlıqlarla təchiz ediləcək müəssisədə 40-dan artıq yeni iş yerinin açılması nəzərdə tutulur.

İsmayıllıda keçirilən tədbir çərçivəsində çörək zavodunun tikintisinin sürətləndirilməsi üçün İqtisadi İnkişaf Nazirliyi nəzdində Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən müvəkkil kredit təşkilatı vasitəsilə 450 min manat həcmində güzəştli kredit ayrılıb.

Ümumilikdə, «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» tədbiri zamanı Fondun vəsaitləri hesabına müvəkkil kredit təşkilatları vasitəsilə İsmayıllı, Şamaxı, Qobustan və Ağsu rayonlarından olan 52 sahibkarlıq subyektinə 750 min manata yaxın güzəştli kreditlər verilib. Kreditlər əsasən sənaye, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, tikinti materiallarının istehsalı sahələrinin inkişafına yönəldiləcək. Ayrılmış güzəştli kreditlər hesabına maliyyələşdirilən investisiya layihələrinin həyata keçirilməsi nəticəsində 120-dən artıq yeni iş yerinin açılması proqnozlaşdırılır.

Tədbir çərçivəsində sahibkarlar üçün «SKMF-in vəsaitləri hesabına güzəştli kreditlərin verilməsi üçün sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi» mövzusunda treninq də keçirilib. Dağlıq Şirvan iqtisadi rayonundan 150-ə yaxın sahibkarın iştirak etdiyi treninqdə biznes ideyalarının formalaşdırılması, investisiya layihələrinin hazırlanması və güzəştli kreditlərdən istifadə qaydaları barədə ətraflı məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR