Bank Of Baku

Bakıda Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi başlayıb

Bakıda Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi başlayıb
# 25 may 2009 12:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Bakıda Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi (World Food Azerbaijan) işə başlayıb. «APA-Economics»in məlumatına görə, sərginin açılışında Böyük Britaniya, Türkiyə və digər ölkələrin Azərbaycandakı səfirləri, həmçinin sərginin əsas təşkilatçısı olan «ITE Group» şirkətinin direktoru Edvard Stoun iştirak edib.

Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Karolin Braun bildirib ki, bu il «World Food Azerbaijan» sərgisi öz yubileyini qeyd edir: «Artıq 15 ildir ki, sözügedən layihə Azərbaycanın yeyinti sənayesində əldə etdiyi nailiyyətləri nümayiş etdirməklə bərabər, dünyanın aparıcı şirkətlərini də təqdim edir».

Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıc isə Azərbaycanda bu sərgi də daxil olmaqla bütün sərgilərdə türk şirkətlərinin iştirak etdiyini vurğulayıb.

Tədbirdə qeyd olunub ki, sərgi UFI (Dünya Sərgi Sənayesi Assosiasiyası) beynəlxalq sərgi cəmiyyəti tərəfindən qəbul edilib. Sərgi 15 illik fəaliyyəti ərzində 700-dən artıq şirkəti qəbul edib və bu şirkətlərdən bəziləri sonradan Azərbaycanda bizneslərini qurmağa müvəffəq olub. «Schaller» (Almaniya), «Oztiryakiler» (Türkiyə), «Tecnofood» (İtaliya), «Seydelmann» (Almaniya), «İnter Mik» (Polşa), «SIPA» (İtaliya) və digər şirkətlər Azərbaycanla faydalı əlaqələr qurub.

Bu gün işə başlayan sərgidə 19 ölkədən 90 şirkət iştirak edir. Hollandiya, Serbiya və Tailand bu ilin debütantları sayılır. Belarus, Pakistan və Rusiya öz milli stendləri ilə çıxış edir. Bundan əlavə, ayrıca stenddə Tambov vilayətinin qida sənayesində əldə etdiyi nailiyyətlər nümayiş etdirilir. Sərgidə iştirak edənlərin 60%-ni yerli şirkətlər təşkil edir.

Qeyd edək ki, mayın 27-də başa çatacaq «World Food Azerbaijan» sərgisinin təşkilatçıları qismində «İteca Caspian» və «İTE Group» şirkətləri çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR