Bank Of Baku

Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və İsmayıllı rayonlarından olan 61 sahibkara güzəştli kredit verilib

Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və İsmayıllı rayonlarından olan 61 sahibkara güzəştli kredit verilib
# 05 iyun 2009 13:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Qəbələ rayonunda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin nəzdindəki Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) təşkilatçılığı ilə «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbir keçirilib. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbir çərçivəsində Fondun vəsaitləri hesabına müvəkkil kredit təşkilatları vasitəsilə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələri üzrə Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və İsmayıllı rayonlarından olan 61 sahibkara 3,3 mln. manata yaxın güzəştli kredit verilib. Bu vəsaitlərin 3 mln. manatı Qəbələ rayonunun Böyük Əmili kəndində «Gilan» MMC-yə süd istehsalı və süd məhsullarının emalı sahəsində müasir kompleksin tikintisinə yönəldiləcək. Ümumi dəyəri 12,9 mln. manat olan bu kompleks fəaliyyətə başladıqdan sonra burada 2 000 baş cins inək (Hollandiya və Stavropol mənşəli) saxlanılacaq, ildə 9 min ton süd və süd məhsulları, 180 ton ət və ət məhsulları istehsal olunacaqdır. Müasir avadanlıqlarla təchiz ediləcək müəssisədə 70-dən artıq yeni iş yerinin açılması planlaşdırılır. Ümumilikdə, Qəbələdə keçirilmiş tədbir çərçivəsində verilmiş güzəştli kreditlər hesabına 160-dan artıq yeni iş yerlərinin yaradılması nəzərdə tutulur.
Bundan başqa, tədbir çərçivəsində «SKMF-in vəsaitləri hesabına güzəştli kreditlərin verilməsi üçün sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi» mövzusunda sahibkarlar üçün treninq də keçirilib. Şəki-Zaqatala iqtisadi rayonundan 250 sahibkarın iştirak etdiyi treninqdə investisiya layihələrinin hazırlanması, biznes-planların tərtib olunması və güzəştli kreditlərdən istifadə qaydaları barədə ətraflı məlumat verilib. Ümumilikdə, bu il ərzində 1 000-dən çox sahibkar bu cür treninqlərdə iştirak edib.
Qeyd edək ki, 2009-cu ildə SKMF tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə verilmiş kreditlərin həcmi 27,3 mln. manat təşkil edib, güzəştli kreditlərdən yararlanmış sahibkarlıq subyektlərinin sayı isə 530-u ötüb. Güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi nəticəsində 2 mindən çox yeni iş yerinin yaradılması gözlənilir.
Xatırladaq ki, biznes ideyalarının formalaşdırılması, investisiya layihələrinin işlənib hazırlanması, biznes-planların tərtib olunması və güzəştli kreditlərin alınması qaydaları ilə bağlı sahibkarların maarifləndirilməsi məqsədilə indiyədək İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi və SKMF Lənkəranda, Şəkidə, Sumqayıtda, Horadizdə, Göyçayda, Xaçmazda, Şamaxıda, Qazaxda, Yevlaxda və İsmayıllıda 760-dan çox sahibkar üçün treninqlər keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR