Bank Of Baku

Lənkəranda «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib

Lənkəranda «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib
# 24 iyul 2009 12:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar üçün «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirib.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Azərbaycanda özəl bölmənin inkişafına dövlət dəstəyinin daha da gücləndirildiyi, bu sahəyə ölkə rəhbərliyi tərəfindən böyük diqqət və qayğı göstərildiyini vurğulanıb, regionlarda sahibkarlığın inkişafı istiqamətində görülən işlərdən danışılıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxışında Fondun vəsaitlərinin daha səmərəli yerləşdirilməsində yeni yanaşmaların tətbiq edildiyini qeyd edib.

O, Aran, Quba-Xaçmaz, Gəncə-Qazax və Lənkəran iqtisadi rayonlarında meyvə-tərəvəz və digər ərzaq məhsullarının tədarükü, saxlanılması və satışı məqsədilə ümumi həcmi 2 min ton olan soyuducu anbar kompleksinin yaradılması üzrə Fond tərəfindən görülən işlər barədə məlumat verib.

Ş. Abdullayevin sözlərinə görə, bununla bağlı artıq SKMF-a 33 təklif, o cümlədən Lənkəran iqtisadi rayonundan 4 təklif təqdim olunub. Həmin təkliflər hazırda Fondda təhlil olunur və araşdırmaların nəticələri əsasında Fondun Müşahidə Şurasının qərarına uyğun olaraq, bu ilin avqustun 1-dən etibarən maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsinə başlanılacaq.

Ş. Abdullayev, həmçinin, Aran, Dağlıq Şirvan, Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala, Yuxarı Qarabağ iqtisadi rayonları üzrə taxıl məhsullarının saxlanılması və təmizlənməsi üçün hər birinin tutumu 10 min ton olan, müasir standartlara cavab verən anbar komplekslərinin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlardan təkliflərin qəbuluna başlandığını da bildirib.

Tədbirdə regionlarda istehsal olunan məhsulların ixrac potensialı, həmçinin onların idxalı əvəzetmə imkanları və sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, 2009-cu il ərzində SKMF tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə verilmiş güzəştli kreditlərin həcmi 46 milyon manatdan çox olub. Güzəştli kreditlər almış sahibkarlıq subyektlərinin sayı isə 930-dən artıqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR