Bank Of Baku

Dərnəgül taxta bazarında baş verən yanğınla əlaqədar bazarda taxtanın qiymətinin süni şəkildə qaldırılması barədə məlumatlar yayılıb

Dərnəgül taxta bazarında baş verən yanğınla əlaqədar bazarda taxtanın qiymətinin süni şəkildə qaldırılması barədə məlumatlar yayılıb
# 29 iyul 2009 15:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bakının Dərnəgül yolu adlanan ərazisində, Ziya Bünyadov prospektində yerləşən taxta bazarında baş verən yanğın nəticəsində bazarda taxtanın qiymətinin süni şəkildə qaldırılması barədə məlumatlar yayılıb.

Lakin Əmlak Bazarı İştirakçıları İctimai Birliyində (ƏBİB) bu məlumatları ciddi hesab etmirlər. ƏBİB-ın icraçı direktoru Ramil Osmanov «APA-Economics»ə bildirib ki, kimlərinsə vəziyyətdən istifadə edib qiyməti süni şəkildə qaldırması faktı ola bilər, lakin bu qiymət artımının uzun müddət davam etməsi mümkün deyil.

R. Osmanovun fikrincə, bəzi sahibkarların baş verən yanğından sonra taxta qıtlığını hiss edərək qiymətləri süni şəkildə artırması gözləniləndir: “Ancaq bu artım özünü yalnız pərakəndə satışda göstərə bilər və müvəqqəti xarakter daşıyacaq. Baş vermiş yanğınla bağlı qiymət artımı davamlı ola bilməz».

Dərnəgül taxta bazarında bu ticarət növü üzrə məşğul olan sahibkarlar da bazarda baş vermiş yanğından sonra taxtanın qiymətində artım olmadığını bildirirlər. «Yanğından əvvəl taxtanın bir kubunun qiyməti 180-185 manat olub, indi də həmin qiymətə təklif olunur. Ümumiyyətlə, dünya maliyyə böhranı başlayandan, o cümlədən böhranın Azərbaycana təsirindən sonra taxtanın qiymətində sürətlə azalma müşahidə edilib. Cari ilin ilk üç ayında satışda durğunluq hiss olunurdu. Bu ilin aprel-may aylarında taxtanın satışında canlanma nəzərə çarpdı ki, bu da mövsümü xarakter daşıyırdı. Hazırda isə həmin durğunluq yenə də davam edir, taxtanın qiymətini soruşan belə yoxdur», - deyə sahibkarlar vurğulayıblar.

Qeyd edək ki, yanğın 2500 kvadratmetr ərazini əhatə edib, 1 hektar sahədə taxta məmulatları yanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR