Bank Of Baku

“Azpromo” Gürcüstanda nümayəndəlik açıb

“Azpromo” Gürcüstanda nümayəndəlik açıb
# 08 sentyabr 2009 15:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Tiflisdə (Gürcüstan) Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) nümayəndəliyi açılıb. Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə iştirak etmək məqsədilə iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov, nazirliyin əməkdaşları, Azərbaycan-Gürcüstan parlamentlərarasi əlaqələr üzrə İşçi Qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayeva, Azpromo-nun prezidenti vəzifəsini icra edən Fəridə Axundova və bir qrup iş adamı Gürcüstana səfər ediblər.
Nümayəndəliyin rəsmi açılış mərasimində Azərbaycan və Gürcüstan tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm, tikinti və nəqliyyat sahələrində fəaliyyət göstərən 30-a yaxın iş adamı iştirak edib.
Tədbirdə çıxış edən N.Səfərov qeyd edib ki, həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda əlverişli biznes mühiti formalaşıb, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, bir sıra ölkələrlə, o cümlədən Gürcüstanla ikitərəfli əlaqələrin inkişaf etdirilməsi sahəsində ciddi irəliləyişlərə nail olunub.
Öz növbəsində Gürcüstanın iqtisadi inkişaf naziri Zurab Pololikaşvili iki ölkə arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri barədə ətraflı məlumat verib, Azpromo-nun Gürcüstanda nümayəndəliyinin açılmasının əlaqələrin daha da inkişaf etdirilməsində rolunu qeyd edib.
Bundan başqa, tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev və Gürcüstanın Azərbaycandakı səfiri Nikoloz Natbiladze də çıxış ediblər.
Öz növbəsində Q.Paşayeva iki ölkə arasında tarixi dostluq əlaqələrinin inkişaf etdiyini vurğulayıb, Azpromo-nun Gürcüstanda nümayəndəliyinin açılmasının iqtisadi əməkdaşlığın genişləndirilməsində faydalı olacağını qeyd edib.
F.Axundova isə tədbir iştirakçılarına Azpromo-nun Gürcüstan nümayəndəliyinin məqsəd və vəzifələri haqqında ətraflı məlumat verib.
Xatırladaq ki, hazırda Azpromo-nun Qazaxıstanda nümayəndəliyi fəaliyyət göstərir.
Azpromo 2003-cü ildə İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılıb. Hazırda Fondun Himayəçilər Şurasına müxtəlif nazirlik və idarələr, beynəlxalq təşkilatlar, eləcə də özəl şirkətlərin nümayəndələrindən ibarət 92 nəfər daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR